SEPAH agentinin İraq Kürdüstanı planını Bakı İFŞA ETDİ
Tehran rejiminin informasiya ruporları və Ehsan Müvəhhidiyan kimi ermənipərəst "ekspertlərin" Azərbaycan Televiziyasının arxiv süjetlərini təhrif edərək Bakını hədəf alması yeni hadisə sayılmır.
Əslində İran hakimiyyətinin Cənubi Qafqaz və Yaxın Şərqdə formalaşan yeni geosiyasi reallıqlardan duyduğu dərin təşvişin təzahürü görünür. Öz daxilindəki on milyonlarla azərbaycanlı türkünün milli hüquqlarını tapdalayan, eyni zamanda sünni və şiə məzhəbli kürd əhalisini ən amansız təhlükəsizlik tədbirləri ilə boğan Tehran, indi də Bakı ilə Ərbil arasındakı təmasları "qlobal sui-qəsd" kimi qələmə verməyə çalışır. Halbuki proseslərə rasional, praqmatik və Azərbaycanın milli təhlükəsizlik maraqları prizmasından yanaşdıqda mənzərə tamamilə fərqlidir.
Azərbaycanın İraq Kürdüstanı Regional Rəhbərliyi (İKRR) ilə dialoq qurması heç bir halda təsadüfi deyil və Türkiyənin regional strategiyası ilə tam uzlaşır. İraqın şimalındakı mövcud muxtar qurumun iqtisadi və siyasi baxımdan ayaqda qalmasını təmin edən, onun əsas xarici ticarət qapısına çevrilən və neft ixracını təmin edən məhz Türkiyə Cümhuriyyətidir. Bu gün Ərbildəki Bərzani rəhbərliyi ilə Ankara arasında 12 milyard dollardan artıq ticarət dövriyyəsi mövcuddur. Üstəlik, terror təşkilatı PKK-ya qarşı mübarizədə Türkiyə Silahlı Qüvvələri İKRR-nin yerli qüvvələri olan Peşmərgə ilə sıx koordinasiyada fəaliyyət göstərir, onların təlimində və təchizatında mühüm rol oynayır. Ankara Ərbillə praqmatik işbirliyi quraraq sərhədlərində terror dəhlizinin yaranmasının qarşısını alır. Azərbaycanın da Türkiyə–Ərbil xəttində konstruktiv oyunçu kimi yer alması Ankara–Bakı strateji müttəfiqliyini zəiflətmir, əksinə, Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq Cənubi Qafqazdan Yaxın Şərqə qədər olan coğrafiyada türk geopolitik oxunu daha da möhkəmləndirir.
Azərbaycanın İraqdakı fəallığı ilk növbədə orada yaşayan milyonlarla İraq türkmanının hüquqlarının, təhlükəsizliyinin və siyasi gələcəyinin qorunması zərurətindən qaynaqlanır. Kərkük, Ərbil, Mosul və Telafer kimi tarixi torpaqlarda yaşayan türkmanlar illərdir həm Səddam rejiminin repressiyalarından, həm İŞİD terrorundan, həm də son dövrlərdə Tehranın nəzarətində olan məzhəbçi "Həşdi-Şabi" qruplaşmalarının assimilyasiya və demoqrafik dəyişiklik siyasətindən əziyyət çəkirlər. Bakının Ərbil və Bağdadla birbaşa, yüksək səviyyəli diplomatik kanallar qurması İraq türkmanlarının bölgədə kənarlaşdırılmasının, onların torpaqlarının qəsb edilməsinin qarşısını alan ən güclü geosiyasi qalxandır. Azərbaycanın bölgədə artan nüfuzu İraq türkmanlarına yalnız mənəvi və fiziki mənada dəstək təmin edir.
Tehran təbliğatçılarının Fələstin davasından və müsəlman təəssübkeşliyindən dəm vurduğu bir vaxtda, İranın Ermənistanın 30 illik işğalçılıq siyasətinə, Qarabağda məscidlərin dağıdılmasına və donuz saxlanılmasına verdiyi aşkar və gizli dəstək heç vaxt unudulmayıb. Ermənistandakı tarixi Qərbi Azərbaycan torpaqlarından azərbaycanlılarla yanaşı, minlərlə müsəlman kürd əhalisi də qovulmuş və etnik təmizləməyə məruz qalmışdır. Tehran isə bu faktları gizlədərək, İrəvanla strateji tərəfdaşlığını hər vəchlə qorumağa çalışır. İran daxilində isə sünni kürdlərə qarşı yürüdülən sərt məzhəbçi siyasət, hər il yüzlərlə gəncin edam edilməsi və bölgənin iqtisadi cəhətdən qəsdən geri qalmış vəziyyətdə saxlanılması fars-molla rejiminin riyakar xislətini çılpaqlığı ilə ortaya qoyur.
Müvəhhidiyan kimi marginal simaların "siyonizm" və "bölücülük" nağılları Tehranın iflasa uğrayan regional siyasətinin acı etirafından başqa bir şey deyil. Azərbaycan müstəqil xarici siyasət yürüdür. Bakı, Ankara və Ərbil arasında formalaşan iqtisadi, tranzit və təhlükəsizlik əməkdaşlığı heç bir üçüncü ölkəyə qarşı yönəlməyib; bu xətt İraqın ərazi bütövlüyü çərçivəsində türkman soydaşlarımızın təhlükəsizliyini təmin edən, terror şəbəkələrini zərərsizləşdirən və regiona sabitlik gətirən milli bir dövlət marağıdır. Tehranın təxribatçı cəhdləri isə Türkiyə–Azərbaycan sarsılmaz birliyini zəiflətmək əvəzinə, Bakının bu bölgədəki strateji gedişlərinin nə qədər dəqiq və hədəfə hesablandığını bir daha sübut edir.
İsmayıl Şahlı