Yüzlərlə suiti cəsədi yenidən sahildə: Xəzərlə bağlı ciddi xəbərdarlıq!
Cəmiyyət
03.12.2025 11:14
Xəzər dənizinin Rusiya və Qazaxıstan sahillərində ölü suitilərin sayı sürətlə artır. Dağıstanın Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, sahil boyunca 500-ə yaxın suiti cəsədi aşkarlanıb. Mütəxəssislər hadisəni hər il miqrasiya dövründə seysmik aktivlik nəticəsində dəniz dibindən çıxan qaz səbəbilə boğulma ilə əlaqələndirir. Xəzər suitisi təhlükə altında olan növ kimi qeydə alınıb.
Sual yaranır, Xəzər dənizi üçün real təhlükə varmı? Varsa, bu risklərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan ekoloq Rövşən Abbasov bildirib ki, burada Xəzər ekosisteminin bütöv şəkildə bərpası əsas şərtdir:
Xəzər suitilərinin məhvinin qarşısını almağın yeganə yolu ekosistemi bütöv şəkildə qoruyan tədbirlərin ardıcıl həyata keçirilməsidir. İlk növbədə, suitilərin əsas qida mənbəyi olan kilkə ehtiyatlarının bərpası üçün balıq ovunun kvotaları ciddi şəkildə tənzimlənməli, qeyri-qanuni balıqçılığa qarşı nəzarət gücləndirilməlidir. Eyni zamanda, Xəzərin çirklənməsini azaltmaq məqsədilə neft sızmalarına nəzarət artırılmalı, sənaye və məişət tullantılarının dənizə axıdılmasına qarşı sərt ekoloji standartlar tətbiq olunmalıdır. Suitilər arasında virusların yayılmasının qarşısını almaq üçün müntəzəm monitorinq aparılmalı, xəstə fərdlər vaxtında müəyyənləşdirilməli və sahil zonalarında laborator diaqnostika imkanları genişləndirilməlidir".
Ekspert qeyd edib ki, suitilərin çoxalması üçün yeni təhlükəsiz və qorunan zonalar yaradılmalıdır:
"Buz örtüyünün azalması nəticəsində yaranan çoxalma problemlərinin qismən kompensasiyası üçün alternativ qorunan balalama əraziləri yaradılmalı, kritik dövrlərdə insan fəaliyyətinə məhdudiyyətlər tətbiq edilməlidir. Balıqçılıq torlarında boğulma hallarının azaldılması üçün seçici torlardan, akustik xəbərdarlıq cihazlarından istifadə olunması və suitilərin miqrasiya marşrutlarının xəritələndirilməsi vacibdir. Metan sızmalarının ehtimal olunduğu zonaların müəyyənləşdirilməsi və həmin ərazilərdə suitilərin davranışının monitorinqi də boğulma riskinin azaldılmasına kömək edə bilər".
Rövşən Abbasov sonda vurğulayıb ki, bütün bu tədbirlər yalnız sahilyanı ölkələrin, beynəlxalq təşkilatların və elmi mərkəzlərin birgə əməkdaşlığı şəraitində real nəticə verə bilər. Ekosistemin bütövlüyü qorunduğu halda, suitilərin qidalanma və çoxalma imkanları bərpa olunur və populyasiyanın uzunmüddətli yaşama şansı artır.
Jalə Rövşən
tag: Xəzər,Rusiya,Qazaxıstan,Suiti,Todaypress.tv,
