Yeni il ritualları: 12 üzüm arzuları gerçəkləşdirir?

Cəmiyyət

24.12.2025 17:43

Son illərdə sosial şəbəkələrdə Yeni il gecəsi ilə bağlı müxtəlif rituallar geniş yayılır. Onlardan ən populyar olanlardan biri də 12 üzüm dənəsi yeyərək arzu tutmaq ənənəsidir. Bu inanca görə, hər üzüm dənəsi yeni ilin bir ayını simvolizə edir və ilin uğurlu keçəcəyinə işarə sayılır.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan şüuraltı terapevt, psixoloq Aygün Əliyeva bildirib ki, bu cür ritualların əsas məqsədi insanların arzularını ifadə etməsi və gələcəyə daha müsbət yanaşmasıdır.

Onun sözlərinə görə, 12 üzüm ənənəsi əsasən İspaniya mədəniyyətinə aiddir. 

"İspaniyada Yeni ilin ilk dəqiqələrində saatın hər zəngi ilə bir üzüm yeyilir və bunun ilin 12 ayının uğurlu keçməsinə səbəb olacağına inanılır. Oxşar inanclar müxtəlif mədəniyyətlərdə mövcuddur. Azərbaycan mədəniyyətində də Novruz bayramı zamanı 12 rəqəmi xüsusi məna daşıyır. Qoğal və paxlava hazırlanarkən onların üzərində 12 kündə və qat olur. Bu da ilin 12 ayını təmsil edir və yeni ilin bərəkətli keçəcəyinə inam yaradır".

Psixoloq vurğulayıb ki, elmi baxımdan bu ritualların arzuları birbaşa gerçəkləşdirdiyini sübut edən faktlar yoxdur. Lakin psixoloji və davranışsal baxımdan onların insan həyatına dolayı təsiri mümkündür:

"Rituallar insanın psixoloji vəziyyətini yaxşılaşdırır, motivasiyanı artırır və pozitiv düşüncə formalaşdırır. İnsanlar bu cür inanclarla özlərinə hədəf qoyur və həmin məqsədlərə çatmaq üçün daha çox çalışırlar. Bu rituallar bir növ pozitiv düşüncə aləti kimi işləyir. Yeni ilə ümidlə başlamaq insanın daxili gücünü artırır, beyni yeni düşüncə sisteminə kökləyir və bu da həyatın müxtəlif sahələrində müsbət dəyişikliklərə səbəb ola bilər".

Aygün Əliyeva qeyd edib ki, hər bir ritualın təsiri insanın öz daxili inancından və davranışlarından asılıdır. Heç bir ritual həyatımızı birbaşa dəyişmir. Əsas olan insanın daxili gücü, məqsədləri və atdığı real addımlardır. Rituallar sadəcə motivasiya və ruh yüksəkliyi yaradır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aygün Əliyeva,Psixoloq,Üzüm,Arzu,Todaypress.tv,