Xalq yazıçısı Azərbaycan qadınını necə "ikinci sort" insan kimi görə bilər?
Cəmiyyət
21.05.2026 11:54
"Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır".
Bu sözləri "Qafqazinfo"ya müsahibəsi zamanı Xalq yazıçısı, Bakı Slavyan Universitetinin sabiq, Azərbaycan Dillər Universitetinin isə hazırkı rektoru Kamal Abdulla deyib.
Bu vaxta qədər Azərbaycan ədəbiyyatında qadın obrazı gözəl, güclü, azad və müstəqil şəxsiyyət kimi təqdim olunub. Ancaq bu camiyədən olan yazıçının yanaşması çox dar və köhnədir.
Düzdür, ailədə xüsusilə kiçik uşaqların böyüdülməsində ananın rolu çox vacibdir. Uşaqların ilk illərində valideyn qayğısı əvəzolunmazdır. Bir çox qadın özü də könüllü olaraq bu yolu seçir və bundan məmnundur.
Amma bütün qadınları evə, mətbəxə və uşaqlara “istiqamətləndirmək” ideyası yanlışdır.
Rektorun dediyi, "aralarından xüsusi istedadı ilə özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir" fikri isə mübahisəlidir. Axı qadın işləməsə, səy göstərməsə, istedadının olub-olmadığını hardan biləcək? İstedad çox vaxt fürsət nəticəsində üzə çıxır. Əgər qadını gənc yaşlarından ev işlərinə yönəltsək, o istedadın üzə çıxma şansı da azalır.
Qadınlar elmdə, tibbdə, təhsildə çox güclü yer tutur. Onları kütləvi şəkildə evə göndərsək, həm iqtisadiyyat, həm də intellektual potensial zəifləyər. Statistikaya baxanda da qadınların təhsildə və bəzi sosial sahələrdə kişilərdən irəlidə olduğunu görə bilərik.
Ən bariz nümunə Mehriban Əliyevadır. O, həm ana, həm nənədir. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidentidir, ölkənin mədəniyyət həyatında, xeyriyyəçilikdə, beynəlxalq əlaqələrdə çox böyük işlər görür. Onun biliyi olmasa, Azərbaycan bu gün mədəniyyət, turizm, Heydər Əliyev Fondu və bir çox sosial layihələrdə bu qədər irəli gedə bilməzdi. Onun savadı, iş qabiliyyəti və ictimai rolu ölkəyə real xeyir verir.
Yəni Kamal müəllimin özü də qeyd edib ki, "xüsusi istedadı olanlar ayrı məsələdir". Problem ondadır ki, bu xüsusi istedadı kim müəyyənləşdirəcək? Kim qərar verəcək ki, filan qadın istedadlıdır, gedə bilər işə, filanı isə evdə saxlamaq lazımdır?
Kamal Abdulla kimi təcrübəli insan belə fikirlər səsləndirəndə, həmin beyində olan insanlarda bu fikir güclənir.
Amma zaman dəyişib. Qadın evdə də xoşbəxt ola bilər, karyerada da, ikisini qarışdıranda da. Əsas odur ki, özü seçim etsin.
Türkan İsgəndərli
tag: Kamal Abdulla,Rektor,Qadın,Azərbaycan,Todaypress.tv,
