TƏHLÜKƏ, RİSK, TƏCRÜBƏ: Yeni sürücülərə harada təlim keçirilməlidir?
Cəmiyyət
24.02.2026 14:45
“İntensiv hərəkət olan küçələrdə təcrübəsiz sürücülərə təlim keçilməsi risk yaradır”.
Bu fikirləri TodayPress TV-yə danışan nəqliyyat eksperti Adil Nəbiyev deyib.
.jpg)
Onun sözlərinə görə, xüsusilə pik saatlarda, çoxzolaqlı yollarda və mürəkkəb kəsişmələrdə həm şagird, həm təlimçi, həm də digər sürücülər üçün təhlükə artır.
“İlk növbədə mərhələli tədris sistemi tətbiq olunmalıdır. Yeni başlayan sürücü birbaşa sıx şəhər mərkəzinə deyil, əvvəlcə boş və ya az hərəkətli ərazilərdə, sənaye zonalarında, geniş meydançalarda və ya xüsusi təlim poliqonlarında ilkin bacarıqları mənimsəməlidir. Sükan, sürət nəzarəti, ötürmələrin dəyişdirilməsi, dayanma və hərəkətə başlama kimi əsas vərdişlər formalaşmadan intensiv hərəkətə çıxmaq düzgün deyil. Digər məsələ vaxt məhdudiyyətidir. Təlim maşınlarının pik saatlarda mərkəzi küçələrə çıxmasına məhdudiyyət qoyula bilər”.
Ekspert əlavə edib ki, digər istiqamət təlimçilərin məsuliyyətidir:
“Təlimçi təkcə maşında oturan şəxs deyil, o, faktiki olaraq təhlükəsizlik zəmanətidir. Pedallı əlavə əyləc sistemi olan təlim avtomobilləri mütləq texniki baxımdan saz vəziyyətdə olmalıdır. Təlimçi marşrutu əvvəlcədən planlaşdırmalı və şagirdin psixoloji vəziyyətini də nəzərə almalıdır. Dördüncü məsələ isə normativ tənzimləmədir. Təlim maşınları üçün xüsusi marşrutların müəyyən edilməsi, təlim icazəsinin mərhələli verilməsi və elektron nəzarət mexanizmlərinin tətbiqi mümkündür. Məsələn, ilkin mərhələni uğurla keçməyən şagird şəhər içi intensiv hərəkətə buraxılmamalıdır”.
Mütəxəssis vurğulayıb ki, digər sürücülərin də yanaşması önəmlidir. Təlim maşınlarına qarşı aqressiv davranış, siqnal vermə, sıxışdırma yeni sürücüdə panika yaradır və qəza riskini artırır. Bu, həm də yol mədəniyyəti məsələsidir:

"Ən optimal model qapalı meydança və ya az hərəkətli ərazi, orta intensivlikli küçələr, pik saatlar istisna olmaqla mərkəzi yollar, real şəhər trafiki və mürəkkəb yol qovşaqları olmalıdır. Belə mərhələli və planlı sistem həm təlim keyfiyyətini artırar, həm də qəza riskini minimuma endirər".
Qeyd edək ki, avtomobil idarə etmək istəyənlərin bir çoxu təlimlərə üz tuturlar. Bəzi hallarda öyrənənlər hərəkətin sıx olduğu yollara çıxır və qəza təhlükəsi yaradırlar.
Türkan İsgəndərli
tag: Adil Nəbiyev,nəqliyyat eksperti,Sürücü,Təlim,Todaypress.tv,
