“Bəs o qırıcılar nə gəzirdi?” - Əraqçi Avropaya “söz atdı”
İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İrana qarşı müharibədə iştirak etməkdə və regionda təhlükəsizliyi pozmaqda ittiham edib.
TodayPress TV xəbər verir ki, nazir Avropa ölkələrinin iqtisadi və sosial böhranlarla üzləşməsinin səbəblərindən birinin onların dünya miqyasında yürütdüyü yanlış siyasət olduğunu bildirib.
Əraqçinin sözlərinə görə, NATO-nun baş katibi bir neçə həftə əvvəl 500-dən çox ABŞ qırıcı təyyarəsinin İrana qarşı hərbi əməliyyatlar keçirmək üçün Avropadakı aviabazalardan havaya qalxdığını açıqlayıb.
O, Fransanın da müharibəyə dəstəyini açıq şəkildə ifadə etdiyini və ABŞ Prezidenti Donald Trampa İrana qarşı müharibədə kömək edəcəyini bildirdiyini iddia edib. Nazir Fransanın indi üzləşdiyi sosial böhranların nəticələrini isə iştirak etmədiyini söylədiyi müharibə ilə əlaqələndirdiyini vurğulayıb.
İranlı diplomat münaqişənin sivilizasiyalararası müharibə kimi təqdim edilməsini də tənqid edib. O bildirib ki, belə yanaşma həm özünü, həm də beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir.
Əraqçi regiondakı son müharibənin xarici hərbi qüvvələrin və ABŞ bazalarının ev sahibi ölkələrin təhlükəsizliyini təmin edə bilmədiyini göstərdiyini söyləyib. Onun sözlərinə görə, həmin bazalar yerləşdikləri ölkələri qoruya bilmədiyi kimi, özlərini də müdafiə etməkdə çətinlik çəkiblər.
Nazir region ölkələrinin xarici qüvvələrin iştirakı olmadan kollektiv təhlükəsizlik mexanizmləri yaratmaq təşəbbüslərini dəstəklədiklərini bildirib.
Kübra Musayeva