SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Yeni radar sistemi quraşdırılır
Cəmiyyət
01.12.2025 17:29
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yenidən qurulan avtomobil yolunda yeni nəsil radar və müşahidə kameraları istifadəyə verilib. Quraşdırılan avadanlıqlar sürücülərin yalnız radar yaxınlığında sürəti azaltmasını, daha sonra isə yenidən artırmasını müəyyən edə bilən "ağıllı nəzarət sistemi" ilə işləyir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev TodayPress TV-yə bildirib ki, bu cür sistemlər yol təhlükəsizliyinin artırılmasına ciddi təsir göstərir.

Onun sözlərinə görə, yeni radarlar marşrut boyunca sürət rejiminin stabil qalmasını təmin edir və qəza risklərini minimuma endirir:
"Orta sürət nəzarəti sürücülərin "radara qədər yavaşlayıb, sonra sürəti artırmaq" vərdişini aradan qaldırır. Bu isə həm yanacaq sərfiyyatını optimallaşdırır, həm də avtomobilin texniki yüklənməsinin qarşısını alır. Stabil sürət rejimi yol infrastrukturunun aşınmasını azaldır, ötmə zamanı təhlükəli manevrlərin sayını aşağı salır və ümumi yol mədəniyyətinin yüksəlməsinə xidmət edir".
Yasin Mustafayev əlavə edib ki, yeni sistemlər qanun pozuntularının daha obyektiv şəkildə qeydə alınmasına da imkan yaradır. Bu da sürücülərin məsuliyyətinin artırılmasına və yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsinə şərait yaradır.
"Sistemin tətbiqi qanun pozuntularının daha obyektiv şəkildə qeydə alınmasına şərait yaradacaq və beləliklə, sürücülərin məsuliyyəti artacaq. Bu, uzunmüddətli perspektivdə avtomobil yolunda hərəkətin təhlükəsizliyinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxaracaq", - deyə o qeyd edib.
Türkan İsgəndərli
tag: Yasin Mustafayev, Nəqliyyat,Sürücü,Radar,Todaypress.tv,
