Su çərşənbəsi - QIŞA VİDA, YAZA SALAM

Cəmiyyət

24.02.2026 13:37

Bu gün yazın gəlişini müjdələyən Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsidir. Xalq inanclarına görə, bu gün su oyanır, çaylar, bulaqlar canlanır və təbiətdə yenilənmə başlayır.

Filologiya elmləri doktoru Ağaverdi Xəlil bu barədə TodayPress TV-yə danışarkən Azərbaycan mövsüm mərasimlərinin önəmini vurğulayıb.  


"Ənənəvi mədəniyyət nümunələri müasirlik şəraitində tədricən passivləşir və arxaikləşməyə başlayır. Bu proses Azərbaycan mövsüm mərasimlərində, çillələrdə, çərşənbələrdə və “Xıdır Nəbi” mərasimində də özünü göstərir. Ənənəvi xalq təqviminə əsasən qış üç hissəyə bölünür: böyük çillə (21 dekabr – 31 yanvar), kiçik çillə (1–20 fevral) və boz ay (21 fevral – 21 mart). “Çillə” anlayışı təbiətin sərt şəraiti ilə bağlı olub çətinlik, əziyyət mənasını ifadə edir. Məhz buna görə də çillənin başa çatması xalq tərəfindən əlamətdar hadisə kimi qeyd olunub".

Alim vurğulayıb ki, məsələnin bir tərəfi sosial məzmun daşıyırsa, digər tərəfi mifoloji düşüncə ilə bağlıdır. Qədim inanclara görə insanlar mərasimlər vasitəsilə qışı yola salmağa sakral dəstək göstəriblər. Bu baxımdan çillə qışı yola salma mərasimi kimi xarakterizə olunur:


“Xıdır Nəbi” də bu mövsüm mərasimləri silsiləsinə daxildir. Çərşənbələr də mövsüm mərasimidir, lakin iki əsas xüsusiyyətinə görə çillələrdən fərqlənir. Belə ki, boz ay daxilində qeyd olunan dörd ilaxır çərşənbə qışı yola salmağa deyil, yazı qarşılamağa həsr olunur. Bundan əlavə, çərşənbələr çillələrdən sonra yaranıb və arxaikləşmiş qədim Şərq təqvimi ilə bağlıdır".

Onun sözlərinə görə, hər iki mərasim sistemi təqvimlə əlaqəlidir. Çillələr xalq təqviminə, çərşənbələr isə qədim Şərq təqviminin izlərinə əsaslanır. Zahiri fərqlərə baxmayaraq, bu mərasimlərdə Azərbaycan xalqının xeyirxah adət-ənənələri yaşadılır.

Alim hesab edir ki, müasirləşmənin sürəti ənənəvi mədəniyyəti müəyyən mənada üstələyir və bu da gənc nəslin milli-mənəvi dəyərlərdən uzaqlaşmasına səbəb olur:


"Mərasim mədəniyyətimiz daha geniş şəkildə öyrənilməli və intensiv təbliğ olunmalıdır. Mövsüm mərasimlərində yaşayan dəyərlər milli mədəni varlığımızın ayrılmaz hissəsidir. Bu zəngin irsi qorumalı və yaşatmalıyıq", – deyə o vurğulayıb.

Qeyd edək ki, digər ilaxır çərşənbələr - Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.  

Yaz fəsli isə Azərbaycana martın 20-si saat 18:45:53-də daxil olacaq. Martın 20-21-də ölkədə Novruz bayramı qeyd ediləcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Su çərşənbəsi,Qış,Yaz,Novruz bayramı,Todaypress.tv,