Qurudulmuş meyvələrə tələbat artır: Sağlam qida, yoxsa gizli risk?
Cəmiyyət
02.12.2025 13:24
Son illər qurudulmuş və dondurulmuş meyvələr həm məişətdə, həm də restoran və şənlik süfrələrində geniş yayılıb. Xüsusilə giləmeyvələr, qaragavalı və üzüm kimi məhsullar “faydalı qəlyanaltı” kimi təqdim olunur.
Bəs bu qidalar insan orqanizminə faydalıdır?
Mövzu ilə bağlı qida eksperti İlkin Şirinov TodayPress TV-yə açıqlamasında bildirib ki, qurudulmuş meyvələrin sağlam olub-olmaması onların necə hazırlanmasından və hansı şəraitdə satılmasından ciddi şəkildə asılıdır.

Onun sözlərinə görə, təbii şəkildə hazırlanmış qurudulmuş meyvələr həqiqətən də qida dəyəri yüksək olan məhsullardır:
"Qurudulmuş meyvə adi meyvənin suyunun çəkilmiş formasıdır. Vitamin və minerallar saxlanılır, həzmi yaxşılaşdırır, bağırsaq sisteminin işinə müsbət təsir göstərir, enerji verir. Doğru hazırlanmış meyvə ideal qəlyanaltıdır".
Ekspert əlavə edib ki, problemin böyük hissəsi bazarda satılan məhsulların keyfiyyəti ilə bağlıdır. Küçələrdə, bazarlarda günəş altında açıq halda satılan dondurulan meyvələr gigiyenik baxımdan təhlükəlidir:
"Toz yığılır, milçək qonur, havadakı çirk sporları məhsulun üstünə çökür. Belə məhsulu sağlam qida hesab etmək olmaz. Biz quru meyvə yox, mikrob yığını almış oluruq. Hazırda satışda olan qurudulmuş meyvələrin əksəriyyəti təbii üsulla hazırlanmır. Bir çox hallarda meyvələr şəkərlə qarışdırılır, karamelizə edilir, qızardılır, sonra isə “qurudulmuş meyvə” adı ilə satılır. Bu artıq meyvə deyil, şəkər yığınıdır. Həm də qeyri-təbii rəngləndiricilərdən istifadə olunur. Bu maddələr allergiya yarada, tənəffüsü çətinləşdirə bilər".
İlkin Şirinov qeyd edib ki, istehlakçılar məhsul alarkən xüsusilə diqqətli olmalıdır:
"Gigiyenik şəraitdə satılan məhsullara üstünlük verilməli, tərkibində şəkər, karamel və rəngləndirici olmayan məhsullar seçilməli, məhsulun rəngi həddindən artıq parlaqdırsa, bu, əlavə kimyəvi maddələrdən xəbər verə bilər. Təhlükəsiz və düzgün hazırlanmadığı halda qurudulmuş meyvə fayda yox, ciddi risk yaradır", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: İlkin Şirinov,Qida Eksperti,Qurudulmuş,Meyvə,Todaypress.tv,
