Qurani-Kərim qadınlara hansı hüquqları verir? – Şeyxülislamın müavini AÇIQLADI
Cəmiyyət
24.12.2025 15:46
“İslam dini qadınlara elə hüquqlar verib ki, bu hüquqlar bu gün müasir gender bərabərliyi anlayışı ilə tam üst-üstə düşür”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.
O bildirib ki, Qurani-Kərimdə qadınlara 10–11 əsas hüquq tanınıb və bu hüquqlardan birincisi qadının yaşamaq hüququdur. Onun sözlərinə görə, cahiliyyət dövründə qız uşaqlarının diri-diri basdırılması kimi adətlər mövcud olub və İslam dini bu qeyri-insani davranışlara son qoyub.
Qəmərxanım Cavadlı qeyd edib ki, İslam qadınlara cəmiyyətdə iştirak etmək, ictimai fəaliyyətlə məşğul olmaq, söz söyləmək hüququ verib. Eyni zamanda qadınlara kişilərlə bərabər hüquqlar tanınıb, seçmək və seçilmək hüququ təsbit edilib.
O vurğulayıb ki, qadınların təhsil almaq, iqtisadi müstəqillik əldə etmək, xərclərinin təmin olunmasını tələb etmək hüququ İslamda açıq şəkildə yer alır. Nikah məsələsində qadının razılığı əsas şərt sayılır və məcburi nikahlar keçərli hesab olunmur.
Çıxışda, həmçinin qadınların miras və vərəsəlik hüququnun, eləcə də hüquq və cəza məsələlərində qadın və kişi üçün eyni yanaşmanın mövcud olduğu qeyd edilib. Qəmərxanım Cavadlı bildirib ki, bu hüquqların pozulması daha çox yanlış dini yanaşmalarla bağlıdır və düzgün maarifləndirmə aparılarsa, bu problemlərin qarşısını almaq mümkündür.
Qiymət Mahir
tag: Qəmərxanım Cavadlı,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
