Qəmərxanım Cavadlı: “Gender bərabərliyi 1400 il öncə həllini tapıb”
Cəmiyyət
24.12.2025 15:43
“Bu gün cəmiyyətdə mövcud olan bir sıra problemlər, xüsusilə qadın hüquqları ilə bağlı yanlış təsəvvürlər dini maarifləndirmənin yetərli səviyyədə aparılmamasından qaynaqlanır”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı Azərbaycan Din Xadimlərinin II Forumunda “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzusunda çıxışı zamanı səsləndirib.
O bildirib ki, dini maarifləndirmə yüksək səviyyədə qurulsaydı, bu gün İslam dininin qadınlara verdiyi hüquqlar barədə cəmiyyətdə daha dolğun və düzgün bilik formalaşardı. Qəmərxanım Cavadlının sözlərinə görə, qadın hüquqları ilə bağlı müasir dövrdə aparılan müzakirələrin böyük bir hissəsi əslində İslamda əsrlər öncə həll olunmuş məsələlərdir.
O, çıxışında vurğulayıb ki, gender bərabərliyi anlayışı müasir termin olsa da, mahiyyət etibarilə bu prinsip İslam dinində çox erkən dövrlərdə təsbit edilib. Onun fikrincə, qadınların hüquqlarının düzgün təqdim olunmaması və yanlış dini yozumlar cəmiyyətdə süni problemlərin yaranmasına səbəb olur.
Qəmərxanım Cavadlı qeyd edib ki, dini biliklərin sistemli və elmi əsaslarla təbliği bu cür yanlış yanaşmaların qarşısını almaqda mühüm rol oynaya bilər.
Qiymət Mahir
tag: Qəmərxanım Cavadlı,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
