Qarabağda gördüyü işlərə görə Prezident ona yüksək vəzifə verdi - DOSYE
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, yeni sədr müavinləri Tural Mailov və Kamran Əzizovdur.
TodayPress TV xəbər verir ki, Kamran Gülbala oğlu Əzizov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsi olub.
Kamran Əzizov yol-nəqliyyat infrastrukturu sahəsində uzunillik peşəkar fəaliyyəti ilə tanınır. O, 2023-cü ilin aprel ayından etibarən AAYDA-nın Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinə rəhbərlik edib.
Əmək fəaliyyəti dövründə müxtəlif mühüm vəzifələrdə çalışan Kamran Əzizov daha əvvəl "Azəravtoyol" ASC-də Beynəlxalq əlaqələr şöbəsinin rəisi, Layihələrin idarə olunması qrupunun direktoru vəzifələrində işləyib. O, həmçinin beynəlxalq mühəndislik və məsləhət xidməti göstərən "IRD Engineering" şirkətində mühəndis-qiymətləndirici kimi fəaliyyət göstərib.
Kamran Əzizov son illərdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yol infrastruktur layihələrinin icrasında iştirak edən əsas rəhbər şəxslərdən biri kimi tanınır. Onun rəhbərliyi və koordinasiyası ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında strateji əhəmiyyət daşıyan avtomobil yollarının tikintisi və yenidən qurulması layihələri həyata keçirilir.
Eyni zamanda, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində icra olunan nəqliyyat infrastruktur layihələri, o cümlədən Laçın Beynəlxalq Hava Limanına gedən yol şəbəkəsinin qurulması istiqamətində aparılan işlərdə də fəal iştirak edib.
Qeyd edək ki, Kamran Əzizov ölkənin avtomobil yolları şəbəkəsinin inkişafı, müasir standartlara uyğun yenidən qurulması və istismarının təşkili sahəsində fəaliyyət göstərən rəhbər şəxslərdən biridir.
Türkan İsgəndərli