"Qanun qarışa bilməz, amma..." – Professordan geyimlə bağlı açıqlama
"Həm həddindən artıq açıq-saçıq, həm də tam qapalı geyimə qarşı müəyyən ictimai qınaq var. Bu da Azərbaycan xalqının mentalitetindən irəli gəlir".
Bunu TodayPress TV-yə açıqlamasında tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.
Onun sözlərinə görə, Konstitusiyaya və digər qanunlara görə dövlətin hər hansı şəxsin şəxsi həyatına müdaxilə etməsi yolverilməzdir. O cümlədən geyim seçimi də hər bir insanın şəxsi hüququ və seçimidir:
"Amma bir məsələ var ki, qanun başqa, əxlaq və mənəviyyat isə başqa anlayışlardır. Məsələn, Azərbaycan cəmiyyətində bu məsələyə münasibətdə ictimai qınaq mövcuddur. Lakin bu gün açıq-saçıq və ya tam qapalı geyinən şəxslərlə qanun vasitəsilə və ya hər hansı başqa üsullarla mübarizə aparmaq doğru deyil və qəbul edilməzdi".
Professor vurğulayıb ki, Azərbaycan xalqının öz mentalitetini bu günə qədər qoruyub saxlamasına səbəb ictimai rəy və qınağın güclü olmasıdır:
"İnsanlar da buna müəyyən dərəcədə hörmətlə yanaşıblar. Şəxsən mən də nə həddindən artıq açıq-saçıq, nə də tam qapalı geyim tərəfdarıyam. Ancaq, məsələn, avtobusda və ya digər ictimai yerlərdə belə insanları görəndə heç bir reaksiya vermirəm. Çünki onların da qanun və Konstitusiya ilə qorunan hüquqları var. Amma ictimai qınaq güclü olduqda, insanlar bu amili də nəzərə alırlar və davranışlarında buna uyğun seçim edə bilirlər", - deyə Məhərrəm Zülfüqarlı qeyd edib.
Türkan İsgəndərli