Oruc tutanlar necə qidalanmalıdır? – Dietoloq danışır...

Cəmiyyət

18.02.2026 17:37

Hər il Ramazan ayında müzakirə olunan əsas məsələlərdən biri də düzgün qidalanma ilə bağlı olur.  

Dietoloq Leyla Zülfüqarlı bu barədə TodayPress TV-yə danışıb.


O bildirib ki, oruc tutmaq orqanizmi təmizləyir:

“İnsan ac qaldıqda orqanizmdə autofaqiya — hüceyrələrin öz-özünü yeniləmə prosesi başlayır. Bu, bədənin həyati fəaliyyəti üçün vacib və təbii bir mexanizmdir. Daxildə zədələnmiş və köhnəlmiş strukturlar parçalanaraq təmizlənir. Araşdırmalara görə, 8 saatdan 16-20 saata qədər davam edən aclıq zamanı qaraciyər hüceyrələrinin yenilənməsi aktivləşir və bu orqanda müəyyən bərpa prosesi başlayır”.

Dietoloq əlavə edib ki, bədəndə qlükoza ehtiyatları tükəndikdən sonra enerji mənbəyi kimi yağ toxumaları parçalanmağa başlayır. Autofaqiya unikal mexanizm olaraq yeni hüceyrələrin yaranmasını stimullaşdırır və orqanizmin daxili təmizlənməsinə, saflaşmasına şərait yaradır:

"Ramazan ayında bəzi insanlarda mədə-bağırsaq problemləri, xüsusilə qastrit və ya qəbizliklə bağlı narahatlıqlar yarana bilər. Bu isə əksər hallarda orucluq zamanı düzgün qidalanmama ilə bağlı olur. Əslində, Ramazan ayı sağlam və balanslı qidalanma rejiminə keçid üçün bir növ tramplin hesab edilə bilər".    

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayacaq, Ramazan bayramı isə martın 20-də qeyd olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Leyla Zülfüqarlı,Dietoloq,Oruc ,Qidalanma,Todaypress.tv,