Mahnı mədəniyyətimiz niyə bu günə düşüb?
Son günlər sosial şəbəkələrdə yayılan Ermənistanda Azərbaycanın "Muleyli" mahnısının oxunması cəmiyyətdə qəribə bir reaksiya doğurub. İnsanlar indiki mahnıların bayağı olduğunu, xalq mahnılarının unudulduğunu bildiriblər.
Doğrudan da, vəziyyət düşündürücüdür. Azərbaycan musiqi tarixində o qədər zəngin irs var ki... İndi əksər ifaçıların mahnılarının sözlərinə baxanda adam utanır. İki mənalı ifadələr, ucuz geyimlər və qəribə hərəkətlər isə biabırçılıqdan başqa bir şey deyil. Mahnı artıq sənət yox, marketinqə çevrilib. Reklamın pisi-yaxşısı olmur deyərək, tanınmaq istəyirlər.
Bununla yanaşı və ən pisi köhnə mahnıları canlandıran, onlara yeni nəfəs verən ifaçılar demək olar ki, yoxdur. Qəribədir ki, dinləyicilər də bayağı mahnılara maraq göstərirlər. Hər yerdə onlar səslənir, bir sözlə "trend" olur. Təbii ki, bu təkcə Azərbaycan camiəsinə aid deyil. Qardaş ölkə Türkiyədə sözləri başa düşülməyən, pis vərdişlərə cəlb edən "əsər"lər var.
Beləliklə kiçik kütlə böyüyür və hamımızın musiqi qulağı belə formalaşmağa başlayır. Halbuki, ermənilər bizim milli mahnılarımızı fürsət düşəndə mənimsəyirlər. Biz isə özümüzünkünü özümüz ucuzlaşdırırıq.
Mədəniyyətin güzgüsü olan musiqiyə baxanda mədəniyyətsizlik görürük. Bunu düzəltmək üçün isə toylarda, məclislərdə, efirdə köhnə, dəyərli mahnılara daha çox yer vermək lazımdır. Valideynlər övladlarına hansı mahnıları dinlətdiyinə diqqət yetirməlidirlər.
Türkan İsgəndərli