"Köhnə avtobuslar mərhələli şəkildə istismardan çıxarılmalıdır" - AÇIQLAMA

Cəmiyyət

25.12.2025 17:22

Abşeron rayonu, Saray qəsəbəsi yaxınlığında avtobusda yanğın baş verib. Bildirilir ki, yanğın elektriklə bağlı deyil, çünki söhbət adi benzinlə (və ya dizellə) işləyən avtobusdan gedir. 

Belə hallarda yanğının yaranma səbəbləri nədir?

Avtomobil ustası Nofəl Səmədov məsələ ilə bağlı TodayPress TV-yə bildirib ki, bu cür hadisələr daha çox avtobusların texniki vəziyyətinin zəif olması ilə əlaqədardır:


"Şəhərdaxili olmayan avtobusların bir qismi uzun illərdir istismar olunur və artıq köhnəlmiş hesab edilir. Bu avtobuslar əksər hallarda texniki baxışdan formal şəkildə keçirilir, real nasazlıqlar isə aradan qaldırılmır. Xüsusilə elektrik sistemi üzərində qeyri-peşəkar müdaxilələr olunur, naqillər standartlara uyğun olmayan formada dəyişdirilir və izolyasiya zəifləyir. Bu isə qısaqapanma yaradaraq yanğın riskini artırır".

Ustanın sözlərinə görə, digər əsas təhlükə mənbələrindən biri yanacaq sistemində yaranan problemlərdir. Benzin borularının köhnəlməsi, birləşmələrin boşalması və sızmalar nəticəsində kiçik bir qığılcım belə alovlanmaya səbəb ola bilər:

"Bundan əlavə, mühərrikin həddindən artıq qızması, soyutma sistemində nasazlıqlar və yağ çatışmazlığı da yanğın ehtimalını yüksəldir. Sürücülər çox vaxt ilkin tüstünü gec fərq edirlər. Səs-küylü yol şəraiti və avtobusun köhnə salonu səbəbindən tüstü və qoxu vaxtında hiss olunmur, bu da yanğının qısa müddətdə böyüməsinə gətirib çıxarır. Bəzi hallarda isə avtobuslarda yanğınsöndürmə balonları ya yararsız vəziyyətdə olur, ya da ümumiyyətlə istifadə edilmir".

Nofəl Səmədov qeyd edib ki, belə hadisələrin qarşısını almaq üçün köhnə avtobuslar mərhələli şəkildə istismardan çıxarılmalı, texniki baxışlar real aparılmalı və sürücülər yanğın təhlükəsinin ilkin əlamətlərini vaxtında müəyyən edə bilmələri üçün mütəmadi olaraq təlimləndirilməlidir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nofəl Səmədov,Avtomobil ustası,Köhnə avtobus,İstismar,Tdoaypress.tv,