"Kim səni məcbur edir ki, 4 minlik "iPhone 17" alasan? Əynindəki şalvarın dizləri ağarıb" - Cibi ilə "siçantutanları" tənqid etdilər

Cəmiyyət

21.05.2026 15:54

Sabiq müstəntiq, hüquqşünas Müşfiq Abbasov kreditlə bahalı telefon alan şəxslərlə bağlı sərt fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, o, son iki ay ərzində sosial media vasitəsilə insanların hüquqi problemlərinin həllinə kömək etdiyini, qarşılaşdığı halların əksəriyyətinin isə şəxslərin yanlış maliyyə qərarlarından qaynaqlandığını bildirib.

Hüquqşünasın sözlərinə görə, xüsusilə gəliri az olan insanların yüksək qiymətli telefonları kreditlə alması sonradan ciddi problemlərə səbəb olur:

"500 manat maaş alan şəxs gedib 4 min manatlıq telefon götürür. Bir müddət sonra kredit ödənilmir, başlayır məhkəmə, icraçı zəngləri və digər problemlər. Adam bir telefonun girovuna çevrilir".

Ekspert qeyd edib ki, insanlar sosial görünüş naminə özlərini çıxılmaz vəziyyətə salırlar:

"Kim səni məcbur edir ki, "iPhone 17" alasan? Əynindəki şalvarı 3 ildir geyinirsən, dizləri ağarıb, amma gedib bahalı telefon alırsan. Get özünə 30 manatlıq şalvar al".

Sabiq müstəntiq vurğulayıb ki, bu cür problemlə üzləşən insanların sayı minlərlədir və əksəriyyət kredit öhdəliklərini düzgün hesablamadan qərar verir.

Ümumiyyətlə son illər insanlar kapitalist sistemin qurbanlarına çevriliblər. Aylıq gəliri az olanlar ilk vaxtlar həvəsə düşüb alsalar da, sonradan əziyyət çəkirlər. Kredit ödənilməyəndə məhkəmə, icraçı zəngləri, maaşdan tutulan cərimələr başlayır. Nəticədə adam bir telefonun əsirinə çevrilir.

Ən acınacaqlı məqam odur ki, bu insanlar öz səhvlərini qəbul etmək əvəzinə bankı, sistemi, hökuməti günahlandırırlar. 

Gerçək həyatda status bahalı telefonla ölçülmür. Borcsuz yatmaq, cibində az da olsa pul qalmaq, stresdən uzaq olmaq əsl zənginlikdir. 

Müşfiq Abbasovun dediyi kimi, bu problemlə üzləşənlərin sayı minlərlədir, hamısı da eyni səbəbdən.

Türkan İsgəndərli

TodayPress TV

tag: Müşfiq Abbasov,Müstəntiq,Telefon,Manat,Todaypress.tv,