İşğaldan azad olunan ərazilərdə evləri kim tikməlidir?
Cəmiyyət
24.02.2026 15:55
"Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad olunmuş bölgələrdə infrastruktur layihələri və böyük yenidənqurma işləri dövlət vəsaiti hesabına həyata keçirilməlidir".
Bu sözləri iqtisadçı Natiq Cəfərli Milli Məclisin deputatı Razi Nurullayevin fikirlərini TodayPress TV-yə şərh edərkən deyib.

Onun sözlərinə görə, burada özəl sektorun iştirakı çox azdır:
"Amma əhalinin köçməsi və ya köçürülməsi zamanı, istəyənlərin iştirakı da müəyyən qaydalara uyğun olaraq həyata keçirilə bilər. Sadəcə burada mülkiyyət məsələsi həllini tapmalıdır. Mülkiyyət məsələsi isə orada həll olunmayıb. Yəni, oradakı torpaqlar kimin mülkiyyətindədir? Mülkiyyət özəl ola bilərmi? Özəlləşdirilə bilərmi? və sair".
İqtisadçı vurğulayıb ki, bütün bu problemlər həll olunsa, fərdi qaydada insanların özlərini mənzil və ya evlə təmin etməsi mümkündür:
"Təbii ki, bunun üçün mexanizm qurula bilər. Bu, həmçinin dövlətin yükünü də azalda bilər".
Qeyd edək ki, deputat Razi Nurullayev işğaldan azad olunmuş ərazilərdə dövlətin bütün xərcləri təkbaşına qarşılamasının uzunmüddətli və dayanıqlı həll olmadığını bildirib. Deputat Qarabağa qayıdan keçmiş məcburi köçkünlərin öz evlərini özlərinin qurmasını təklif edib.
Türkan İsgəndərli
tag: Natiq Cəfərli,İqtisadçı,Qarabağ,Şərqi Zəngəzur,Todaypress.tv,
