İlandağ yazısı Azərbaycan tarixçilərini ÜZ-ÜZƏ QOYDU: Elmdə böyük qalmaqal!
Naxçıvanda yenidən qeydə alınan İlandağ yazısı ilə bağlı müzakirələr davam edir. Mövzu ətrafında səsləndirilən ittihamlara cavab verən tarixçi bəzi şəxsləri elmi polemikadan yayınmaqda ittiham edib.
TodayPress TV xəbər verir ki, tarixçi Vəli Baxşəliyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, əvvəlki paylaşımlarından sonra Tariyel Azərtürk və onu dəstəkləyən şəxslər tərəfindən tənqid olunub.
“İlk paylaşımlardan sonra Tariyel Azərtürk kimi “professorlar” və onun dəmtutanları elmi polemika qabiliyyətləri olmadığından bu paylaşımla bağlı öz səhifələrində sözün əsl mənasında söyüşə keçib, məni erməni mənbələrindən istifadə etməkdə, ermənipərəstlikdə təqsirləndiriblər”, – deyə o qeyd edib.
Tarixçi vurğulayıb ki, araşdırmalarında italyan şərqşünası Mirjo Salvininin əsərlərinə istinad edib və Urartuların erməni xalqı ilə əlaqəli olması barədə iddiaların dünya elmi tərəfindən qəbul edilmədiyini bildirib.
“Əvvəla mən öz paylaşımlarımda italyan şərqşünası Mirjo Salviniyə əsaslandığımı, Urartuların erməni olmadığını, dünya elminin bunu rədd etdiyini yazmışam. Ermənilər də bu mənbədən istifadə edib”, – deyə paylaşımda bildirilib.
Müəllif qeyd edib ki, İlandağ mətninin tərcüməsində Azərbaycanın görkəmli şərqşünaslarının, türk tarixçilərinin və Solmaz Qaşqayın tədqiqatlarından istifadə olunub.
Tarixçi paylaşımında əvvəl təqdim etdiyi xəritənin məqsədinin Naxçıvan və Qərbi Azərbaycanın Urartu dövlətinin tərkibinə daxil olmadığını göstərmək olduğunu vurğulayıb.
“Keçən paylaşımda Urartuya aid verdiyim xəritədə məqsədim Naxçıvan və Qərbi Azərbaycanın Urartu tərkibinə daxil olmadığını göstərmək idi”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bəzi şəxslər xəritədə Azərbaycan toponimlərinin göstərilməməsini irad tutublar:
“Ay ziyalı, siz tarixinizi niyə bilmirsiniz? Bu dövrə aid digər xəritələr də var. Tarix kitablarını vərəqləsəydiniz görərdiniz”, – deyə tarixçi bildirib.
Paylaşımda, həmçinin qeyd olunub ki, Urartu mənbələrindəki Qu Albani, İşkiquli, Etiuni və digər toponimlər Azərbaycan xalqının tarixi ilə bağlıdır.
Tarixçi AMEA Tarix İnstitutunun mövzu ilə bağlı susqunluğunu da tənqid edib:
“Ramin Əlizadədən başqa AMEA Tarix İnstitutu susmağı qızıl tutur, diletantlar isə meydan sulayır”, – deyə o vurğulayıb.
Müəllif elmi mübahisələrin şəxsi hücumlarla deyil, faktlarla aparılmasının vacibliyini qeyd edərək fikirlərini Nizami Gəncəvinin misraları ilə tamamlayıb:
“Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz”.
Qiymət Mahir