Hicran Hüseynova: “Qohum evliliklərinin qadağan olunması müsbət qarşılandı”

Cəmiyyət

24.12.2025 15:58

“Qohum evliliklərinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin müəlliflərindən biriyəm və bu qərarın cəmiyyət üçün nə qədər vacib olduğunu real həyat nümunələrində görürük”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, qanun layihəsi hazırlanarkən cəmiyyətin reaksiyasını öyrənmək məqsədilə bir il müddətində müşahidələr aparılıb. Onun sözlərinə görə, bu müddət ərzində ciddi etirazla rastlaşılmayıb, əksinə, əksər vətəndaşlar qanunun qəbulunu doğru və zəruri addım kimi dəyərləndirib.

Hicran Hüseynova qeyd edib ki, bu gün də komitəyə çoxsaylı müraciətlər daxil olur və həmin müraciətlərin böyük hissəsi məhz qohum evliliklərinin fəsadları ilə bağlıdır:

“Yanıma elə ailələr gəlir ki, qohum nikahı nəticəsində dünyaya gələn uşaqlarda 7–8 ağır xəstəlik aşkarlanır. Bu artıq təkcə ailə problemi deyil, cəmiyyətin problemidir”.

O vurğulayıb ki, bəzi Avropa ölkələrində uzun illər qohum evliliklərinin davam etməsi nəticəsində genetik fond ciddi zərər görüb və bu, həmin dövlətləri sonradan fərqli çıxış yolları axtarmağa məcbur edib.

Komitə sədri ailədaxili məsuliyyət məsələsinə də toxunaraq bildirib ki, problemlər yarandıqda çox zaman qadınlar tək qalır və sosial yük dövlətin üzərinə düşür:

“Ailə dağılırsa, kişi kənara çəkilir, qadın isə tək qalır. Elçi gedəndə böyüklər qabağa düşür, ailə dağılanda isə ortadan çəkilirlər. Sonra məsələ qalır dövlətin üzərinə.”.

Hicran Hüseynova əlavə edib ki, dini icmaların bu məsələlərdə daha fəal mövqe tutması vacibdir və xüsusilə aliment öhdəliklərindən yayınan şəxslərlə bağlı maarifləndirici mövzuların icmalarda gündəmə gətirilməsi zəruridir.

Qiymət Mahir

TodayPress TV

tag: Hicran Hüseynova,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,