"Hazırda vətəndaşlarımız ..." Tbilisiyə gedən qatarla bağlı açıqlama
"Bakı-Tbilisi-Bakı sərnişin qatarının istifadəyə verilməsi turizm aktivliyinin artmasına səbəb olacaq".
Bunu turizm eksperti Ceyhun Aşurov TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan qonşu ölkədir və yaxın məsafədə yerləşir:
"Hazırda vətəndaşlarımız, eləcə də Gürcüstandan Azərbaycana gəlmək istəyən turistlər mütləq hava nəqliyyatından istifadə etməyə məcburdurlar. Etiraf etmək lazımdır ki, məsafə yaxın olmasına baxmayaraq, tələbata görə Azərbaycan-Gürcüstan və Gürcüstan-Azərbaycan aviareyslərinin qiymətləri kifayət qədər yüksəkdir".
Ekspert bildirib ki, bu baxımdan, qatarın istifadəyə verilməsi və dəmir yolu nəqliyyatı vasitəsilə Gürcüstana gediş-dönüş imkanının yaranması, təyyarə biletləri ilə müqayisədə daha ucuz olacaq:
"Bu isə həm iki ölkə arasında turist axınının artmasına, həm Gürcüstandan Azərbaycana, həm də Azərbaycandan Gürcüstana səfərlərin çoxalmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, Gürcüstan vətəndaşlarının və digər xarici turistlərin də dəmir yolu vasitəsilə Azərbaycana gəlməsi, eləcə də Azərbaycanın Gürcüstan üzərindən digər ölkələrə tranzit kimi çıxış imkanlarının genişlənməsi baxımından da müsbət nəticələr verə bilər".
Qeyd edək ki, 6 illik fasilədən sonra 26 may tarixindən etibarən Bakı-Tbilisi qatarı gündəlik xidmətini bərpa edəcək.
Türkan İsgəndərli