Gürcüstandan gələnlər biletləri belə alacaqlar - RƏSMİ

Cəmiyyət

20.05.2026 16:14

Azərbaycan Dəmir Yollarının Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti ilə bağlı yeni detalları açıqlayıb.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Gürcüstan tərəfi bilet satışını ADY-nin proqram təminatı üzərindən həyata keçirəcək.

Marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlardan ibarət qatarlar istifadə olunacaq.

Bildirilib ki, ilkin hərəkət cədvəlinə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşəcək qatar növbəti gün saat 06:24-də Bakıya çatacaq.

Məlumata görə, sərhəd və gömrük prosedurları üçün qatarın Azərbaycan sərhədində 1 saat, Gürcüstan sərhədində isə 1 saat dayanması nəzərdə tutulur və bu müddət ümumi səfər vaxtına daxildir.

Azər Fərəcov qeyd edib ki, qatarın Azərbaycandakı orta sürəti 100 km/saat, Gürcüstandakı orta sürəti isə təxminən 50 km/saat olacaq. O əlavə edib ki, qatar sərnişinləri birbaşa şəhər mərkəzindən şəhər mərkəzinə daşıyacağı üçün hava nəqliyyatı ilə müqayisədə hava limanı transferi, qeydiyyat və gözləmə vaxtı kimi əlavə mərhələlər aradan qalxacaq.

ADY rəsmisinin sözlərinə görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə ildə təxminən 100 min sərnişinin daşınması planlaşdırılır.

(APA)

TodayPress TV

tag: ADY,Cədvəl,Qrafik,Sərnişin,Todaypress.tv,