Ətin qiyməti niyə artır? – AÇIQLAMA

Cəmiyyət

01.12.2025 17:08

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) son açıqlamasına görə, bir sıra ölkələrdə dabaq, blutanq, Nyukasl və yüksək patogen quş qripi kimi xəstəliklərin yayılması səbəbindən həmin ölkələrdən Azərbaycana ət və heyvan mənşəli məhsulların idxalı məhdudlaşdırılıb. Xüsusilə Türkiyənin Biləcik vilayətində dabaq, Kiprin Larnaka rayonunda blutanq, Polşanın bəzi ərazilərində Nyukasl, Böyük Britaniya, Belçika, Niderland və İrlandiyanın müxtəlif regionlarında isə quş qripi qeydə alınıb.

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə deyib ki, bu cür qadağalar ümumiyyətlə dünya bazarında təklifin azalmasına təsir etsə də, Azərbaycanın əsas ət idxal etdiyi ölkələrdə hazırda vəziyyət stabildir:


"Azərbaycanın əsas quş və qırmızı ət idxal etdiyi ölkələr Gürcüstan və Rusiyadır. Bu ölkələrdə hələlik ciddi epizootik problem qeydə alınmayıb. Amma qlobal səviyyədə yayılmış xəstəliklər özlüyündə qiymət artımı təzyiqi yaradır".

İqtisadçının sözlərinə görə, Azərbaycanda ət bahalaşmasının kökündə yalnız epizootik məhdudiyyətlər dayanmayıb. Qiymət artımı daha çox daxili səbəblərlə bağlıdır:

"Buna iri və xırdabuynuzlu heyvanların sayının son illər kəskin azalması, yem bazasının zəifləməsi və yem qiymətlərinin artması, fermer təsərrüfatlarının maliyyə çətinlikləri, logistika və daşınma xərclərinin yüksəlməsi, bazarın tələbinə uyğun istehsal səviyyəsinin olmaması aiddir".

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda ət qiymətləri demək olar, hər ay artır və bu proses davamlı xarakter alıb:

"Ət qiymətlərinin artması artıq struktur problemdir. Sadəcə xəstəliklərin yayılması fonunda idxalın azalması deyil, ölkədə heyvandarlığın ümumi zəifləməsi əsas faktordur".

Türkan İsgəndərli

TodayPress TV

tag: Natiq Cəfərli,İqtisadçı,Ət,Qiymət,Todaypress.tv,