Erkən pensiya qaydalarında dəyişiklik: Arayış problemi aradan qaldırılır

Cəmiyyət

02.12.2025 15:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək pensiyalarının təyin olunması qaydalarında edilən dəyişikliklərlə bağlı açıqlama yayıb. Yeni qaydalara əsasən, güzəştli sahələrdə, yeraltı işlərdə, zərərli və ağır əmək şəraitli peşələrdə, həmçinin incəsənətin xüsusi sahələrində çalışan şəxslərin erkən pensiya hüququ üçün tələb olunan arayış müəssisə fəaliyyət göstərmədikdə artıq alternativ sənədlərlə əvəz oluna biləcək. 

İqtisadçı Rəşad Həsənov dəyişiklikləri TodayPress TV-yə şərh edərkən bildirib ki, yeniliklər praktiki olaraq arayış problemi səbəbindən güzəştli pensiya hüququndan yararlana bilməyən bir qrup vətəndaşın vəziyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.


Onun sözlərinə görə, indiyədək yalnız müəssisənin verdiyi arayış əsas götürüldüyündən, xüsusilə də fəaliyyəti dayanmış və ya ləğv olunmuş müəssisələrdə çalışan şəxslər üçün bu sənədi əldə etmək çox çətin idi:

"İdarəetmənin olmaması, möhürün tapılmaması və digər səbəblər vətəndaşların hüququndan istifadə imkanlarını məhdudlaşdırırdı. Yeni metodologiya məlumatların yoxlanması üçün kanalları genişləndirir və rəqəmsal sistemlərdə, əmək müqavilələri, statistika qurumları və pensiya sistemində olan məlumatlar əsasında güzəştli stajın təsdiqlənməsinə imkan yaradır". 

Ekspert əlavə edib ki, bu dəyişiklik geniş kütləni əhatə etməsə də, müəyyən sosial qrup üçün çox əhəmiyyətli addımdır.

"Vətəndaşların müxtəlif mənbələrdən təqdim olunan məlumatlar əsasında qiymətləndirilməsi onların güzəştli şərtlərlə pensiya hüququna çıxışını real şəkildə asanlaşdıracaq".

Qeyd edək ki, şəxsin peşəsi Nazirlər Kabinetinin siyahısına uyğun gəlirsə, həmin dövr güzəştli staj kimi tanınacaq. Staj “Əmək və Məşğulluq” altsistemi, əmək kitabçası və Dövlət arxivinin məlumatları əsasında hesablanacaq.

Bundan əlavə, qulluq əlavəsi alan və eyni zamanda çalışan şəxslərin pensiyası hesablanarkən iki metod üzrə çıxan məbləğdən daha yüksək olanı təyin ediləcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rəşad Həsənov,Ekspert,Pensiya,Arayış,Todaypress.tv,