DSMF-nin büdcəsi genişlənir: 1,1 milyondan çox vətəndaşın pensiyası artacaq

Cəmiyyət

24.12.2025 17:30

"Dövlət büdcəsində olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində də növbəti il üçün artımlar proqnozlaşdırılır. Təsdiqlənmiş sənədlərə əsasən, fondun büdcə həcminin genişlənəcəyi gözlənilir. Bunun əsas səbəblərindən biri həm yaşa görə əmək pensiyasının, həm də orta aylıq pensiya məbləğinin artacağı ilə bağlı proqnozlardır".

Bunu TodayPress TV-yə danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, yanvar ayından etibarən bütün növ əmək pensiyalarının 9,2 faiz artırılması planlaşdırılır və bu artımlar Dövlət Sosial Müdafiə Fondunun büdcə xərclərində öz əksini tapıb. 

"Sözügedən artım 1 milyon 100 mindən artıq vətəndaşı əhatə edəcək. Belə ki, yaşa görə əmək pensiyası alanlarla yanaşı, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşların da pensiya məbləğləri gələn aydan etibarən artırılacaq. Bu baxımdan DSMF-nin büdcəsində həm gəlirlər, həm də xərclər üzrə artımlar nəzərdə tutulub".

Deputat əlavə edib ki, iqtisadiyyatın inkişafı fonunda Dövlət Sosial Müdafiə Fonduna daxil olan ödənişlərin həcmi də artır:

"Paralel olaraq sosial tədbirlərin genişləndirilməsi fondun xərclərinin artmasına səbəb olur. Bütün bu amillər isə DSMF-nin gəlir və xərclər balansına birbaşa təsir göstərir və büdcənin böyüməsini şərtləndirir".

Türkan İsgəndərli

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,DSMF,Büdcə,Todaypress.tv,