Dərdə DƏVA OLMAYAN dərmanlar: Yerli istehsal niyə yoxdur?

Cəmiyyət

23.02.2026 15:52

“Ölkəmizdə istehsal olunmadığı müddətcə dərmanların keyfiyyətində problemlər yaranmağa davam edəcək”.

Bu fikirləri TodayPress TV-yə danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev deyib.


Onun sözlərinə görə, ölkəmizdə dərman zavodlarının açılmasına zərurət var:

"Xaricdən gətirilən dərmanların keyfiyyəti haqqında məlumatımız olmur. Bu, çox vacib məsələdir. Maddi imkanlar əldə elədikcə dərman zavodları açılmalıdır ki, bu sahədə problem ortaya çıxmasın".

Dosent əlavə edib ki, təbii vasitələrdən düzgün istifadə etdikdə, bir çox xəstəliyə çarə tapmaq olar: 

"Bütün təbii qida və vasitələr elə özləri də dərman təsiri göstərir. İnsanların normal qidalanmasına ehtiyac var. Normal qidalanma deyəndə, göy-göyərti, ət məhsullarından düzgün qəbul etməyi nəzərdə tuturam". 

Həkim vurğulayıb ki, dərmanların saxlanma şəraiti də çox vacibdir:


"Onlar apteklərdə hansı şəraitdə saxlanılır? Bu yaxınlarda müvafiq təşkilatlar vasitəsilə bir neçə aptekdə nöqsanlar aşkarlandı. Dərmanın tərkibi, istehsal və saxlanma müddəti normal olduqda, dediyimiz problemlər yaranmır. Digər tərəfdən, dərmanların keyfiyyətsizliyi məsələsi insanlardan da asılıdır. İnsanlar həkim məsləhəti olmadan dərman qəbul edirlər və bunun onların bədəninə və xəstəliyinə uyğun olub-olmadığını bilmirlər. Məsələn, əli ilə göstərirlər ki, bədənimin burası ağrıyır və həmin ağrıya uyğun olmayan, həkim məsləhəti olmadan qonşunun dediyi dərmanı alırlar. Reseptsiz dərmanlar alırlar, həmin dərmanlar başqa orqana təsir göstərir. Nəticədə deyirlər ki, bu dərman mənə kömək etmədi. Axı sənə həkim dəqiq diaqnoz qoymayıb. Yəni vətəndaşlarımızın da bu məsələdə çoxsaylı səhvləri var". 

Aydın Əliyev qeyd edib ki, bu mövzuda insanların maarifləndirilməsinə ciddi ehtiyac var.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aydın Əliyev,Dosent,Dərman,Yerli istehsal,Todaypress.tv,