Deputat: "Sosial media gəncləri zəhmətsiz qazanca öyrəşdirir”

Cəmiyyət

23.02.2026 12:15

“Sosial media artıq yalnız ünsiyyət vasitəsi deyil, ictimai rəyin formalaşdırılması, ideoloji təsir və sosial davranış modellərinin istiqamətləndirilməsi mexanizminə çevrilib”.

TodayPress TV xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Bayramov bildirib.


Onun sözlərinə görə, sosial medianın təsirlərinin elmi əsaslarla qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır:  

"Sosial medianın müsbət tərəfləri danılmazdır. İnformasiyaya çıxış imkanlarının genişlənməsi, vətəndaş fəallığının artması, maariflənmə prosesinin sürətlənməsi və gənclərlə birbaşa kommunikasiya imkanları müasir dövrün reallığıdır. Bu gün mən də sosial şəbəkələrdən istifadə edirəm. Hesab edirəm ki, sosial mediada olmaq gənclərə daha yaxın olmaq, onların istəklərini, düşüncələrini və problemlərini yaxından bilmək üçün mühüm fürsətdir. Gənclərin olduğu məkanda olmaq onları düzgün istiqamətləndirmək baxımından vacibdir. Təsadüfi deyil ki, UNESCO media və informasiya savadlılığını müasir inkişafın əsas komponentlərindən biri kimi qiymətləndirir".

Deputat vurğulayıb ki, sosial medianın mənfi tərəfləri də kifayət qədər ciddi məsələdir:

"Xüsusilə bəzi platformalarda saatlarla canlı yayımlar açaraq heç bir maarifləndirici və ya ictimai dəyəri olmayan fəaliyyətlərin nümayiş etdirilməsi, bunun müqabilində maddi qazanc əldə edilməsi gənclərdə zəhmətsiz qazanc psixologiyası formalaşdırır. Bu isə uzunmüddətli perspektivdə tənbəllik meyllərini gücləndirə və əmək dəyərlərini zəiflədə bilər. Eyni zamanda sosial şəbəkələrdə onlayn mərc və qumar oyunlarının geniş şəkildə təşviq olunması ciddi təhlükə yaradır. Bu cür fəaliyyətlər gənclərdə asılılıq formalaşdırır, sosial və maddi problemlərə yol açır. Bundan əlavə, zərərli vərdişləri, qeyri-sağlam həyat tərzini və etik normalara zidd davranışları təbliğ edən istifadəçilərin artması narahatedici haldır. Sosial mediada məşhur olan şəxslər məsuliyyətli davranmalı, cəmiyyətə müsbət nümunə təqdim etməlidirlər".

Parlamentari əlavə edib ki, milli-mənəvi dəyərlərin qorunması rəqəmsal mühitdə xüsusi həssaslıq tələb edir. Onun sözlərinə görə, ana dilinin saflığı, ailə institutunun möhkəmliyi, mədəni və dini irsin düzgün təqdimatı prioritet istiqamətlər olmalıdır. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Ceyhun Bayramov,Deputat,Sosial media,Gənclər,Todaypress.tv,