Bu şəxslər oruc tutsalar, ölə bilərlər – XƏBƏRDARLIQ
Cəmiyyət
18.02.2026 17:01
“Həddi buluğa çatmamış uşaqlar, xəstələr, qocalar, səfərdə olanlar oruc tutmaya bilər”.
İlahiyyatçı Tural İrfan bu sözləri TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, səhhətində ciddi problemlər olanlar oruc tutsalar, ölüm təhlükəsi ilə üzləşə bilərlər:
"Şəriət buna icazə vermir. Habelə hamilə qadınlar, uşağa süd verən analar, kiçik yaşlı uşaqlar da oruc tutmaqdan azaddırlar. Oruc tutmaq üçün insan hərtərəfli hazır olmalıdır. Normal qidalanma qabiliyyətinə malik şəxslər mütləq oruc tutmalıdır. Əgər səfərdə olan səfərdən dönsə gərək orucuna davam etsin. Bütöv Ramazan ayını səfərdə olsa sonra qəza orucu tutmalıdır".
İlahiyyatçı əlavə edib ki, xəstələr sağaldıqdan sonra əgər Ramazan ayı başa çatıbsa, həmin günlərin qəzasını tutmalıdırlar.
"Lakin ahıl yaşda olan və xroniki ağır xəstələr ümumiyyətlə oruc tutmaya bilərlər. Əgər imkanları yol verərsə, fitrə verməlidirlər. Yaxud fidyə deyilən sədəqə növünü əda etməlidirlər. Yəni, hər oruc tutmadıqları günün müqabilində fəqirlərə maddi yardım etməlidirlər. Səfərdə olanlar əgər əziyyətə düşməyəcəklərsə oruc tuta bilərlər. Lakin əziyyət olarsa tutmaya bilərlər. Belə ki, döndükdən sonra qəzasını tutmalıdırlar".
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayacaq, bayramı isə martın 20-də qeyd olunacaq.
Türkan İsgəndərli
tag: Ramazan ,Oruc,Din,İlahiyyatçı,Todaypress.tv,
