Bu proseslər SADƏLƏŞDİRİLƏCƏK – Millət vəkili açıqladı

Cəmiyyət

17.02.2026 12:32

"Azərbaycanın yeni rəqəmsal arxitekturası" vahid fəaliyyət planında nəzərdə tutulmuş tədbirləri sistemli şəkildə həyata keçirməklə, regionda rəqəmsal tranzit və mərkəz rolunu oynayan mühüm qovşaqlara çevrilə bilər".  

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli öz "Facebook" hesabında yazıb.   


Deputat qeyd edib ki, qlobal COVID-19 pandemiyasının yaratdığı vəziyyət rəqəmsallaşmanın müasir dünyanın qaçılmaz inkişaf yolu olduğunu göstərib.

Onun uğurlu tətbiqi ölkədə iqtisadiyyatın məhsuldarlığını artırmaq, iqtisadi artımın keyfiyyətini yaxşılaşdırmaq, dövlət və şirkətlərin dünya bazarlarına çıxışını təmin etmək, ticarəti inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Əks halda, rəqəmsal texnologiyalardan istifadənin gecikməsi təhsildən iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və xidmət sahələrinə ciddi fəsadlar gətirə bilər.

O bildirib ki, bu gün bir çox sahələrdə (enerji sistemlərinin inkişafında, sosial şəbəkələrin iqtisadiyyatın müəyyən sektorlarına təsirində və biznes proseslərinin optimallaşdırılmasında) rəqəmsallaşmanın təsirini müşahidə etmək mümkündür. 

"Bu kontekstdə fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirə aktuallıq kəsb edir. Müşavirədə rəqəmsal inkişaf strategiyası və informasiya-kommunikasiya texnologiyaları sahəsində gələcək prioritetlər müzakirə olunub. Prezident müşavirədə qeyd edib ki, bu sahədə görüləcək işlər uzunmüddətli və dayanıqlı inkişafı təmin etməlidir".  

Millət vəkili diqqətə çatdırıb ki, Prezident müşavirədə Azərbaycanın coğrafi mövqeyinin (Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi), transmilli şirkətlərlə təcrübəsinin, enerji resurslarının artan generasiya gücünün, qlobal maliyyə fondları ilə əlaqələrinin və digər strateji üstünlüklərinin rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsinə imkan yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, nəzərdə tutulmuş tədbirləri sistemli şəkildə həyata keçirməklə, ölkəmiz regionda rəqəmsal tranzit və mərkəz rolunu oynayan mühüm qovşaqlara çevriləcək.  Vahid plan və vahid idarəetmə əsasında həyata keçirilən tədbirlər süni intellektin real faydasını artıracaq, dövlət xidmətləri daha sürətli və rahat olacaq, biznesin fəaliyyəti güclənəcək, qeydiyyat, icazə, hesabat və arayış prosesləri daha şəffaf və səmərəli həyata keçiriləcək.

Jalə Rövşən

TodayPress TV

tag: Əli Məsimli,Deputat,Rəqəmsal arxitektura,Proses,Todaypress.tv,