Azərbaycanda ən çox maaşı bu şəxslər alır
Ölkədə orta aylıq nominal əməkhaqqı 1151 manata çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk rübündə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artıb. Həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər təşkil edib. Onlardan 869 min nəfəri dövlət sektorunda, 928 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Deputat diqqətə çatdırıb ki, orta aylıq əməkhaqqı məbləğində əsas diqqət çəkən məqamlardan biri sektorlar üzrə fərqin yüksək olmasıdır:
"Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sektorda çalışanların orta aylıq əməkhaqqı 4581 manatdır. Yəni neft və qaz sektorunda çalışanlar ölkə üzrə orta aylıq əməkhaqqı ilə müqayisədə təxminən 4 dəfə çox maaş alırlar. Maliyyə və sığorta sektorunda orta aylıq əməkhaqqı 2814 manat təşkil edir. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əməkhaqqı alanlardır. Bütövlükdə, iqtisadiyyatın 9 sektorunda çalışanlara ölkə üzrə orta aylıq maaş məbləği ilə müqayisədə daha çox əməkhaqqı təklif edilir".
Millət vəkili əlavə edib ki, iqtisadiyyatın 10 sektorunda isə əməkhaqqı ölkə üzrə orta göstəricidən aşağıdır. O bildirib ki, ən aşağı orta aylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb:
"Bu sektorda orta aylıq əməkhaqqı 720 manatdır. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanların orta aylıq maaşları da aqrar sektorda çalışanların əməkhaqqılarına yaxındır – 768 manat. Orta aylıq əməkhaqqı təhsildə 824, elm sahəsində isə 1048 manatdır".
Vüqar Bayramov vurğulayıb ki, orta aylıq əməkhaqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır:
"Xüsusən də, yalnız dövlət qulluqçularının deyil, bütövlükdə dövlət sektorunda maaş məbləğlərinin optimallaşdırılması prioritet olaraq qalmaqdadır".
Türkan İsgəndərli