Asbest dam örtükləri ilə bağlı XƏBƏRDARLIQ: 2027-ci ildən...

Cəmiyyət

16.02.2026 17:56

Azərbaycanda 2027-ci il iyulun 1-dən etibarən asbest və tərkibində asbest olan inşaat materiallarının idxalı, istehsalı və satışı tamamilə qadağan ediləcək. Hazırda isə çoxsaylı fərdi yaşayış evlərinin damlarında asbest tərkibli dam örtüklərindən istifadə olunur.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan memar Dilqəm İsmayılov bildirib ki, qadağan olunması düzgün və vacib bir addımdır, çünki bu maddə insan sağlamlığı üçün ciddi təhlükə yaradır:


"Ev fərdi mülkiyyətdir. Dövlət təhlükəli materialın dövriyyəsini dayandıra bilər, amma bütün damları öz üzərinə götürməli deyil. Bu həm iqtisadi baxımdan real deyil, həm də yanlış presedent yaradar. Digər tərəfdən, məsələyə sadəcə “asbest getsin, yerinə rəngli “şifer” gəlsin” kimi yanaşmaq memarlıq baxımından da doğru deyil. Xüsusilə Abşeron yarımadasında mailli və metal örtüklər iqlimlə ziddiyyət təşkil edir. Güclü küləklər, sərt günəş, quru hava — bu coğrafiya tarixən düz damları formalaşdırıb və bu, təsadüfi deyil". 

Onun sözlərinə görə, metal örtük yayda həddindən artıq qızır, küləyə qarşı həssasdır və memarlıq baxımından da yerli kontekstə yad görünür. Əgər dövlət dəstək verəcəksə, bu, təhlükəli örtüklərin düzgün sökülməsi və utilizasiyası istiqamətində olmalıdır:

"Amma paralel olaraq iqlimə və yerli memarlıq ənənəsinə uyğun alternativlər təşviq edilməlidir. Bu məsələni təkcə sanitariya problemi kimi yox, həm də memarlıq və mühit məsələsi kimi düşünmək lazımdır", - deyə memar qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Dilqəm İsmayılov,Memar,Asbest,Dam örtüyü,Todaypress.tv,