Alimentlə bağlı problemlər niyə həll olmur?

Cəmiyyət

02.12.2025 16:15

"Aliment ödənişləri ilə bağlı ölkədə ciddi problemlər mövcuddur və bunun əsas səbəbi bəzi valideynlərin müxtəlif yollarla ödənişdən yayınmağa çalışmasıdır".

Bunu TodayPress TV-yə danışan sosioloq Hüseyn İbrahimov bildirib.


Onun sözlərinə görə, bəzi hallarda valideynlər obyektiv səbəblər, işsizlik və ya gəlir mənbəyinin olmaması üzündən aliment ödəyə bilmirlər. Digər hallarda isə qəsdən gəlirlərini gizlətmə, əmlakını başqasının adına keçirmə və formal şəkildə işsiz kimi qeydiyyata düşmə kimi addımlar ataraq aliment öhdəliyindən yayınmağa çalışırlar:

"Aliment qadına və ya kişiyə verilən pul kimi dərk edilməməlidir. Bu, uşağın qidalanması, böyüməsi və inkişafı üçün nəzərdə tutulmuş məbləğdir. Ona görə də alimentin məbləği uşaqlar üçün müəyyən edilən yaşayış minimumu səviyyəsində formalaşdırılır".

Sosioloq əlavə edib ki, alimentlə bağlı ödənişlərin düzgün icra olunması üçün müvafiq qurumlar tərəfindən nəzarət və qiymətləndirmə mexanizmlərinin gücləndirilməsi vacibdir:

"Saxta boşanma hallarının mövcudluğu ilə bağlı müzakirələr olsa da, aliment sistemi bu prosesə rəvac vermir. Əgər saxta boşanma halları varsa, onlar araşdırılmalı, ifşa olunmalı və zərurət yaranarsa, hüquqi məsuliyyət tətbiq olunmalıdır. Uşaqların hüquqlarının qorunması üçün aliment ödənişi mütləq və vaxtında həyata keçirilməlidir", - deyə Hüseyn İbrahimov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hüseyn İbrahimov,Sosioloq,Aliment,Problem,Todaypress.tv,