2026-cı ilin vergi və rüsum artımları sosial təbəqələrə necə təsir edəcək?

Cəmiyyət

02.12.2025 16:36

"Gələn ildən pensiyaların təqribən 9.2% artırılması gözlənilir".

Bunu TodayPress TV-yə açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.


Onun sözlərinə görə, bu artım “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsaslanır. Yəni növbəti ilin indeksasiyası əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçirilir. 

"Bu il əmək haqqı artımı 9.3-9.4% civarındadır. İlin sonuna olan gözlənti 9.2-9.3% təşkil edir. Bu səbəbdən 2026-cı ildə pensiyaların da həmin səviyyədə artırılacağı proqnozlaşdırılır. Sosial müavinətlərə gəlincə, yaşayış minimumunun 285 manatdan 300 manata qaldırılması nəticəsində ünvanlı sosial yardımın hər nəfər üzrə təxminən 15 manat artırılması gözlənilir. Lakin minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərdə əlavə artım hazırkı büdcə sənədlərində nəzərdə tutulmayıb".

Ekspert əlavə edib ki, bu dəyişikliklər əsasən işləyən və iqtisadi aktiv şəxsləri əhatə edir:

"Maşının vergisi artırılırsa, onu maşın alan şəxs ödəyir. Əmək vergisi artırılırsa, bu, işləyən vətəndaşdan tutulur. Pensiyaçı və ünvanlı sosial yardım alanlar isə çalışmayan təbəqədir və bu xərclərin birbaşa hədəfində deyillər".

Xalid Kərimlinin hesabınca, planlaşdırılan sosial artımlar vergi və rüsum bahalaşmasının təsirlərini tam kompensasiya etməsə də, məhdud sosial qruplar üçün müəyyən qədər yumşaldıcı rol oynayacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Xalid Kərimli,İqtisadçı,Vergi,Rüsum,Todaypress.tv,