Səfir: “İrandakı qızlar məktəbində 180 şagird ölüb”
Xarici siyasət
02.03.2026 11:46
“İrana qarşı hücum ilk dəfə baş vermir. 2025-ci ildə də ABŞ–İran danışıqları getdiyi bir dövrdə ABŞ tərəfindən İrana qarşı hücum həyata keçirilmişdi”.
TodayPress TV xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.
Dəmirçilunun sözlərinə görə, belə bir vəziyyətdə İran özünün legitim müdafiə hüququndan istifadə edərək ilk anlardan lazımi addımları atıb:
“İran bu istiqamətdə ABŞ və İsrailin regiondakı hərbi bazalarına qarşı zərbələr endirir. İranın özünü müdafiə məqsədilə ABŞ və İsrailin regiondakı hərbi bazalarına endirdiyi zərbələr regionda yerləşən dost və müttəfiq ölkələrə qarşı deyil, birbaşa ABŞ və İsrailə yönəlib”.
O, həmçinin hücumlar nəticəsində mülki şəxslərin həlak olduğunu qeyd edib. Səfirin sözlərinə görə, Minab rayonunda qızlar məktəbinə edilən hücum nəticəsində bina dağılıb və son məlumata görə, 180 qız şagird həyatını itirib.
Bundan əlavə, Lamerd rayonunda yerləşən idman məktəbinə hücum nəticəsində 18 voleybolçu xanım həlak olub.
Dəmirçilu bildirib ki, Tehranda həndbol və güləş idman zallarına, Qandi xəstəxanasına da hücumlar edilib, nəticədə insanlar və xəstələr arasında ölən və yaralananlar var. Onun sözlərinə görə, “Səda və sima” Dövlət Teleradiosunun radio-televiziya binasına da hücum edilib.
Səfir bu hücumların təsadüfi olmadığını qeyd edib və bildirib ki, müasir texnologiyalar dövründə belə əməliyyatlar yüksək dəqiqliklə həyata keçirilir.
Qiymət Mahir
tag: Müctəba Dəmirçilu ,İran,Səfir,Konfrans,Todaypress.tv,
