Azərbaycan və Özbəkistan arasında yeni razılaşma - Vacib sənəd imzalandı
Bakı şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və Özbəkistan XİN arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Konsulluq və hüquq idarəsinin rəis müavini Abduvaxit Tursunov rəhbərlik edib.
Görüşdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, o cümlədən Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər arasında ədliyyə, təhsil, sərhəd, miqrasiya və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, o cümlədən vətəndaşların hüquq və müdafiəsinin təmin edilməsi üçün qarşılıqlı müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğuıanıb.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.