Zelenskidən Yaxın Şərqə GÖZLƏNİLMƏZ TƏKLİF: Moskvanı yola gətirsəniz...

Təhlil

03.03.2026 16:53

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, əgər Yaxın Şərq liderləri Moskvanı atəşkəsə razı sala bilsələr, Kiyev region ölkələrinə İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsində kömək etməyə hazırdır. 

Maraqlıdır, Zelenskinin təklifinə cavab nə olacaq? 

Mövzunu siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə şərh edib. 


O, qeyd edib ki, Ukrayna prezidentinin bu təklifinin reallaşması demək olar ki, mümkün deyil: 

"Dünyanın ən böyük və ən nüfuzlu gücü sayılan Amerika Birləşmiş Ştatları Rusiyanı atəşkəsə razı sala bilmirsə – üstəlik, bir sıra məsələlərdə Moskvaya müəyyən dəstək verdiyi halda – bu situasiyada Yaxın Şərq ölkələrinin vasitəçiliyinin ciddi nəticə verəcəyi inandırıcı görünmür. Reallıq ondan ibarətdir ki, hazırkı mərhələdə Rusiyanı atəşkəsə razı salmaq olduqca çətindir. Çünki bu, Moskvanın strateji maraqlarına uyğun gəlmir". 

Onun sözlərinə görə, digər tərəfdən, Rusiya İranla kifayət qədər yaxın münasibətlərə malikdir və Ukraynanın İrana qarşı mümkün addımlarının qarşısını almaq baxımından da belə təşəbbüslərə müsbət yanaşması real görünmür.


“Bu baxımdan, Zelenskinin belə təkliflə çıxış etməzdən əvvəl onun nə dərəcədə reallaşa biləcəyini daha ciddi şəkildə dəyərləndirməsi daha məqsədəuyğun olardı”.

Ekspert əlavə edib ki, ABŞ Ukraynaya müxtəlif formalarda təzyiq göstərərək onu Rusiyanın irəli sürdüyü şərtlərlə razılaşmağa sövq etməyə çalışır. Lakin dəfələrlə edilən müraciətlərə baxmayaraq, Rusiya atəşkəsə razılıq verməyib və danışıqların hərbi əməliyyatlar paralelində davam etdirilməsinin daha məqsədəuyğun olduğunu bildirib.

"Əgər ABŞ belə bir mərhələdə Rusiyanı atəşkəsə razı sala bilmirsə, başqa bir aktorun buna nail olacağı ehtimalı olduqca zəifdir. Bu isə o deməkdir ki, atəşkəsin baş tutması üçün Rusiyanın irəli sürdüyü tələblərin qəbul edilməsi məsələsi gündəmə gələ bilər. Həmin tələblərdən biri də Ukrayna ordusunun Donbasdan tam şəkildə çıxarılmasıdır ki, Zelenski bununla razılaşmaq istəmir", - Abutalıb Səmədov fikrini sonlandırıb.  

Jalə Rövşən

TodayPress TV

tag: Abutalıb Səmədov ,siyasi analitik,Zelenski,Yaxın şərq,Todaypress.tv,