Yaxın Şərqdə YENİ CƏBHƏ: İrana qarşı bir bayraq altında!

Təhlil

23.02.2026 16:29

Yaxın Şərqdə proseslər daha da gərginləşir. Belə ki, İranın qərb bölgələrində fəaliyyət göstərən silahlı kürd təşkilatları vahid ittifaq yaratdıqlarını elan ediblər. 

Bəs burada əsas təşviqedici qüvvə və məqsəd nədir?   

Sözügedən məsələni politoloq Abutalıb Səmədov TodayPress TV-yə şərh edib. 

 

KÜRD TƏŞKİLATLARININ BİRLƏŞMƏSİNDƏ MƏQSƏD? 

Analitik qeyd edib ki, Amerika İrana 48 saat vaxt vermişdi və bu müddət artıq başa çatmaq üzrədir. O vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı təqdim edəcəyi təkliflərdən hava zərbələrinin endirilib-endirilməyəcəyi asılı olacaq. Bir tərəfdən İran rəsmiləri nüvə proqramı ilə əlaqədar müəyyən güzəştlərə hazır olduqlarını bildirərək Vaşinqtonu razı salmağa çalışırlar. Digər tərəfdən isə sərt və hədələyici bəyanatlar səsləndirirlər. Məqsəd Qərbin tərəddüdündən istifadə edərək Amerika Birləşmiş Ştatlarını mümkün hərbi zərbədən çəkindirməkdir.

Ekspertin qənaətincə, kürd təşkilatlarının birləşməsi də bu məqsədə xidmət edən addım kimi qiymətləndirilir:  


"Məqsəd ABŞ-ni zərbə endirmək niyyətindən daşındırmaqdır. Bununla yanaşı, İranın əsas dəstək verdiyi silahlı qruplar – “Hizbullah”, HƏMAS və Yəməndə fəaliyyət göstərən Husilər – regionda mühüm təsir vasitələri hesab olunur. ABŞ həmin qurumlara yardımın dayandırılmasını tələb edir. Ehtimal edilir ki, bu təşkilatlar və onlara yaxın digər qruplar da çəkindirici xarakterli bəyanatlar verəcəklər".

NƏTİCƏ VERƏCƏK YOXSA… 

Şərhçi diqqətə çatdırıb ki, bu addımların nəticə verib-verməyəcəyi isə sual altındadır: 

"ABŞ-nin artıq hərbi zərbə endirmək barədə prinsipial qərar verdiyi iddia olunur və Vaşinqtonu bu mövqedən yalnız nüvə proqramı ilə bağlı ciddi və uzunmüddətli güzəştlər çəkindirə bilər. İran hələlik on il müddətinə nüvə proqramını dayandırmağa və ölkə daxilində uranın zənginləşdirilməsindən imtina etməyə hazır olduğunu bildirir. Lakin bu müddətin 15–20 ilə qədər uzadılması ehtimalı da istisna edilmir".

Analitikin fikrincə, bununla belə, digər məsələlər – ballistik raket proqramı, insan hüquqları vəziyyəti və silahlı qruplara dəstəyin dayandırılması – hələlik İran tərəfindən müzakirə mövzusu kimi qəbul edilmir.


"Azərbaycan və region ölkələri məsələnin hərbi deyil, danışıqlar yolu ilə həll olunmasını istəyirlər. Ümid edilir ki, diplomatik səylər mövcud gərginliyin sülh yolu ilə aradan qaldırılmasına imkan verəcək", - A.Səmədov fikrini tamamlayıb. 

Qeyd edək ki, İranda PJAK, Komala, PAK, PDKI və Xabat “İran Kürdüstanı Siyasi Qüvvələrinin Alyansı” adlı yeni siyasi-hərbi blok yaratdıqlarını açıqlayıblar. Birgə bəyanatda bildirilib ki, məqsəd İrana qarşı fəaliyyətin koordinasiyası, vahid strategiyanın hazırlanması və ortaq siyasi mövqenin formalaşdırılmasıdır. Qruplar bundan sonra həm siyasi platformada, həm də silahlı müstəvidə daha sıx əməkdaşlıq edəcəklərini vurğulayıblar. 

Xatırladaq ki, bir neçə ay əvvəl Bəlucistan istiqamətində də oxşar birləşmə prosesi baş vermişdi.   

Jalə Rövşən

TodayPress TV

tag: Abutalıb Səmədov,Politoloq,Yaxın Şərq,İran,Todaypress.tv,