Yaxın Şərqdə vəziyyət gərginləşdi: Neftin qiyməti BAHALAŞACAQ
Təhlil
03.03.2026 01:02
“Hazırda davam edən hərbi gərginlik neft qiymətlərinə əsasən risk amili üzərindən təsir göstərir”.
İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə danışarkən bildirib.

O vurğulayıb ki, bazarlar münaqişənin coğrafiyasına və miqyasına baxaraq təchizatın pozulması ehtimalını qiymətlərə əlavə “risk mükafatı” kimi daxil edir.
Onun sözlərinə görə, əgər qarşıdurma genişlənərsə və xüsusilə Hörmüz boğazı ətrafında təhlükəsizlik zəifləyərsə, bu, dünya bazarına çıxarılan neftin həcminin azalacağı qorxusunu gücləndirər və qiymətləri daha da yuxarı çəkə bilər.

"İran regionda mühüm enerji oyunçusudur və onun ixrac imkanlarının məhdudlaşması bazarda təklifin azalması kimi qiymətləndirilir. Yaxın Şərqdə digər istehsalçı ölkələrin infrastrukturuna risk artarsa, investorların reaksiyası daha sərt olar və bu halda qiymətlər qısa müddətdə kəskin sıçraya bilər", - deyə ekspert izah edib.
İqtisadçı əlavə edib ki, əgər münaqişə məhdud çərçivədə qalarsa və əsas ixrac marşrutları açıq saxlanılarsa, ilkin bahalaşmadan sonra bazar nisbətən sabitləşə bilər.
Onun fikrincə, böyük istehsalçı ölkələrin hasilatı artırması və strateji ehtiyatların bazara buraxılması da qiymət artımını müəyyən qədər yumşalda bilər.
Aysel Mətləb
tag: Hörmüz,Neft,Bahalaşma,Akif Nəsirli,Müharibə,Todaypress.tv,
