Yaxın Şərqdə QARŞIDURMA BÖYÜYÜR: Bu ölkələri terror təhlükəsi gözləyir...

Təhlil

03.03.2026 23:34

“Bu müharibə İran rejimi üçün ölüm-dirim savaşı xarakteri daşıyır və rəsmi Tehran əlində olan bütün potensialdan istifadə etməyə çalışacaq”.

Politoloq Natiq Miri bunu ABŞ-İsrail-İran qarşıdurmasını TodayPress TV-yə şərh edərkən bildirib.


Analitik vurğulayıb ki, bu, İran rejimi üçün ölüm-dirim savaşıdır. 

“İranın əlində olan bütün potensial Amerikaya və İsrailə, onun regiondakı bazalarına, o cümlədən həmin bazaların yerləşdiyi dövlətlərə qarşı istifadə olunacaq. Çünki İran bacardıqca bu savaşın əhatə dairəsini genişləndirmək, regionda böyük bir xaosun yaşanmasını təmin etmək istəyir ki, ABŞ və İsrail geri çəkilsin və müharibə dayandırılsın".

Hörmüz boğazının bağlanması ilə bağlı xəbərdarlıq da məhz bu xarakter daşıyır. Çünki neftin qiyməti çox sürətlə artır, prosesə digər qlobal güclərin də müdaxiləsinə şərait yaradır. Boğaz ilə daşınan neft tankerlərinin böyük əksəriyyəti Asiyada qlobal güc olan Çin dövləti, o cümlədən Hindistan dövləti üçün nəzərdə tutulur. Artıq bu istiqamətdə Çin rəhbərliyi etiraz edir ki, heç bir halda Hörmüz boğazı bağlanmasın”.


Siyasi şərhçi eyni zamanda ABŞ-nin mümkün itkilərinin qarşısının alınması və ehtiyatlarının yetərli olub-olmaması ilə bağlı da danışıb:

"İlk növbədə İranın hücumlarının qarşısını alan sistemlər havadan-raket hücumlarına qarşı müdafiə sistemləridir və bunun üçün böyük raket ehtiyatlarına və sursatlara ehtiyac var. Hələlik bu istiqamətdə konkret kəşfiyyat məlumatları mövcud deyil. Doğrudur, ABŞ Prezidenti ehtiyatların tükənməyəcəyini bəyan edir, lakin bu, birtərəfli açıqlamadır və ABŞ-nin maraqlarını ifadə edir. Reallıqda vəziyyətin necə olduğu hələlik qeyri-müəyyəndir. Buna görə də ABŞ öz gəmilərini, təyyarələrini, region ölkələrində yerləşən hərbi bazalarını və səfirliklərini qorumaq baxımından məhz bu müdafiə sistemlərinin ehtiyat sursatlarından ciddi şəkildə asılı olacaq".


Ekspert qeyd edib ki, bəzən İranın bir raketini zərərsizləşdirmək üçün havadan müdafiə sistemlərinin bir raketi kifayət etmir, iki-üç raket istifadə etmək məcburiyyəti yaranır. Lakin hər bir halda ABŞ bu riskləri nəzərə alıb və müəyyən hazırlıqlar görüb, hətta ən böyük itkilərə belə hazır olduğunu nümayiş etdirib.

Onun sözlərinə görə, burada məsələ təkcə İranın nüvə proqramı deyil. ABŞ-nin çox ciddi strateji və geosiyasi istiqamətləri mövcuddur və ABŞ rəhbərliyinin bəyan etdiyi kimi, daha böyük itkilərə hazır olduqları bildirilir. Çünki bu müharibədir və itkilər qaçılmazdır. 

Analitik bildirib ki, İran müasir raket və dronlara malikdir və onların sayı kifayət qədər çoxdur. Hətta ballistik və qanadlı raketlərin sayının 5000-ə qədər olduğu da iddia edilir.


Politoloq vurğulayıb ki, bombardmanların intensivləşməsi ilə yanaşı, raket bazalarının, yeraltı anbarların, dron istehsal edən sənaye müəssisələrinin və digər hərbi obyektlərin məhv edilməsi İranın imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Müharibə uzandıqca və hücumlar artdıqca, bir tərəfdən ehtiyat raketlər, digər tərəfdən isə onları atan qurğular məhv edilir ki, bu da İran üçün böyük məhdudiyyət yaradır. Çünki təkcə raketlərin mövcudluğu yetərli deyil, onları buraxmaq üçün qurğulara ehtiyac var və hazırda həmin qurğuların yerləri müəyyənləşdirilərək zərərsizləşdirilir. Onun sözlərinə görə, hər gün bu qurğuların sayı azalır ki, bu da İranın müqavimət və cavab vermə imkanlarını zəiflədir.

Siyasi analitik hesab edir ki, itkilər baxımından ABŞ və İsrail ilə İran arasında müqayisə bərabər olmayacaq. Onun fikrincə, əsas hədəf İranın hərbi strukturunun tam şəkildə zəiflədilməsi və gücsüzləşdirilməsidir. İdarəetmə və komanda mərkəzləri, anbarlar, istehsal müəssisələri və digər hərbi infrastrukturlar məhv edildikdən sonra İran rejimi ciddi şəkildə təsirsiz hala gətirilə bilər.


"Bütün bu strateji hədəflər fonunda ABŞ-nin itkilərinin o qədər də böyük olmayacağı ehtimal edilir. Lakin təhlükə yalnız regionla məhdudlaşmaya bilər. İranın müəyyən dövrlərdə yaratdığı proksi qüvvələr vasitəsilə ABŞ ərazisində və ya digər ölkələrdə, o cümlədən Avropada silsilə terror hadisələrinin törədilməsi riski də mövcuddur. İtkilərdən danışarkən bu potensial təhlükələr də mütləq şəkildə nəzərə alınmalıdır", - deyə o fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Natiq Miri,İran,ABŞ,İsrail,Hücum,Müharibə,Açıqlama,Todaypress.tv,