Yararsız fəaliyyət: Avropa missiyası sərhəddə nə axtarır?

Təhlil

11.03.2026 14:26

Avropa İttifaqının (Aİ) müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində 8000-ci patrul missiyasını qeyd ediblər. Ölkələr sülh müqaviləsini paraflayıb, Azərbaycandan Ermənistana yüklər gedir.

Bəs müşahidəçilər niyə hələ də ordadır və nəyi  müşahidə edirlər?   

Sözügedən məsələni politoloq Şakir Ağayev TodayPress TV-yə şərh edib.


O, qeyd edib ki,  Azərbaycanla Ermənistan arasında demək olar ki, faktiki sülh prosesi gedir: 

"Yəni, əgər ölkələr arasında blokada aradan qaldırılıb, iqtisadi-ticarət münasibətləri az da olsa yavaş-yavaş bərpa olunubsa, bu, sözsüz ki, faktiki sülhdür. De-yure sülhün bağlanması isə bildiyimiz kimi, Ermənistan hakimiyyətindən asılıdır. Ermənistan hakimiyyəti konstitusiyasında istənilən islahatı həyata keçirdikdə, de-yure sülhün bağlanmasına gətirib çıxaracaq".  

Analitik vurğulayıb ki, müşahidəçilər sadəcə öz mövcudluqlarını göstərir: 

"Çox təəssüf ki, müşahidəçilər hələ də oradadır. Bildiyim qədər, onlar sülh müqaviləsindən sonra da orada qalmaq istəyirlər. Halbuki bu, Azərbaycanla Ermənistan arasında danışıqlara ziddir. Azərbaycan tərəfi sülh müqaviləsi bağladıqdan sonra şərtlərdən biri olaraq bildirib ki, Ermənistan-Azərbaycan arasında heç bir xarici qüvvə, əsgər və ya müşahidəçi ola bilməz. Bəs, onlar nəyi müşahidə edirlər? Düşünürəm ki, bunu çox yaxşı bilirlər və əslində heç nə müşahidə etmirlər. Sadəcə, oradakı varlıqlarını sübut etmək istəyirlər. Orada belə bir fon yaratmaq istəyirlər ki, guya orada vacib işlə məşğuldurlar". 


Politoloq sonda əlavə edib ki,  avqustun 8-dən bu yana Azərbaycan-Ermənistan arasında heç bir, hətta kiçik insident baş verməyib və gözlənilmir:  

"Bu müşahidəçilər sadəcə olaraq ömürlərini uzadıb orada vacib missiya həyata keçirdiklərini göstərmək istəyirlər".   

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Politoloq,Avropa ittifaqı,Patrul missiyası,Todaypress.tv,