Yaponiya Ukraynaya gizli hərbi dəstək verir? – ŞƏRH
Təhlil
10.02.2026 14:35
Yaponiyanın İctimai Televiziyası Yaponiya hökumətinin NATO-nun PURL proqramına qoşularaq Ukraynaya ABŞ istehsallı hərbi ləvazimatlar alacağı barədə xəbər yayıb. Lakin hökumət bu məlumatı təkzib edib.
Maraqlıdır, Yaponiya NATO-nun PURL proqramına qoşulacaq? Bu hansı nəticələri gətirə bilər ?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, PURL proqramı ilə ABŞ və tərəfdaşları Ukraynaya silah və yardım göndərir:

"PURL proqramı Ukraynaya hərbi dəstək və yardım göstərmək üçün nəzərdə tutulub. Dövlətlər bu proqram çərçivəsində vəsait ayırır, həmin vəsaitlə Amerika silahları alınır və Ukraynaya göndərilir. Əslində, Ukraynaya dəstək göstərilməsi bu proqram çərçivəsində tam ağlabatandır. Xatırladırıq ki, NATO-nun son vaxtlar keçirilən bir çox toplantı və sammitlərində yalnız NATO üzvləri deyil, Avroatlantikanın dostu və müttəfiqi olan digər dövlətlər də iştirak edir. Bunlara Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya daxildir".
Yaponiya Ukraynaya dəstək verir, amma...
"PURL proqramında bu dövlətlərin iştirak etməsi, vəsait ayırması və həmin vəsaitlə Amerikadan silah-sursat alınaraq Ukraynaya göndərilməsi tam ağlabatandır. Böyük ehtimalla, Yaponiya da bu layihədə iştirak edir. Sadəcə olaraq, məsələnin ictimailəşdirilməsini istəməyə bilər. Çünki Rusiya dəfələrlə Yaponiyanın Ukraynaya dəstəyinə etiraz edib və müxtəlif təzyiq imkanlarından istifadə edib. Buna görə Yaponiya tərəfi məsələnin geniş ictimailəşməsində maraqlı olmaya bilər. Amma onların Ukraynaya dəstək verməsi tam ağlabatandır".
ABŞ silahları Hind-Sakit okeanı ölkələri vasitəsilə də Ukraynaya çatır:

"Ümumiyyətlə, Hind-Sakit okeanı regionunda Çinlə bağlı müəyyən problemlər mövcuddur. Orada Cənubi Koreya, Yaponiya, Filippin və digər dövlətlər ABŞ ilə hərbi əməkdaşlıq əlaqələrini davam etdirir və zaman-zaman NATO tədbirlərində iştirak edirlər. Hətta səhv etmirəmsə, Ramşteyn formatında keçirilən tədbirlərdə də iştirak ediblər. Yəni, PURL proqramı məhdudiyyət qoymur; NATO üzvü olmayan dövlətlər də Amerika silahlarının Ukraynaya göndərilməsində iştirak edə bilirlər".
Jalə Rövşən
tag: Əli Mustafa,Politoloq,Yaponiya,Ukrayna,Todaypress.tv,
