ABŞ və İran arasında danışıqlarda Qətər vasitəçiliyi – Berlində gizli görüş keçirildi
ABŞ və İran arasındakı münaqişənin həlli istiqamətində Qətərin vasitəçiliyi müzakirə olunub.
TodayPress TV xəbər verir ki, "Axios"un mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner noyabrın 19-da Berlində Qətər nümayəndə heyəti ilə görüşüblər.
Danışıqlarda Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani də iştirak edib. Tərəflər Vaşinqton və Tehran arasında danışıqların bərpası və mövcud dalandan çıxış yollarını müzakirə ediblər.
Məlumata görə, Qətərin baş naziri bundan bir həftə əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ilə də görüşərək ABŞ Prezidenti və vitse-prezidenti ilə apardığı danışıqlar barədə ona məlumat verib.
Bundan başqa, İranın texniki nümayəndə heyəti danışıqları davam etdirmək məqsədilə bu həftənin əvvəlində Dohaya səfər edib.
Bununla belə, mənbələr ABŞ və İran arasında çoxsaylı təmaslara baxmayaraq, münaqişənin həlli istiqamətində hələlik konkret nəticə əldə olunmadığını bildiriblər.
Türkan İsgəndərli