Hakerlər FTB-nin məxfi məlumat bazasını hədəfə aldı
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Milli Cinayət Məlumat Mərkəzinin (NCIC) məlumat bazasına mümkün haker hücumu ilə bağlı araşdırmaya başlayıb.
TodayPress TV xəbər verir ki, "CNN"in istintaqla tanış mənbələrə istinadən yaydığı məlumata görə, bu sistem ABŞ-nin federal, ştat və yerli hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsini təmin edir.
NCIC ölkə üzrə axtarışda olan şəxslər, həbs qərarları və digər mühüm hüquq-mühafizə məlumatlarının yoxlanılması üçün istifadə olunur.
Məlumata görə, bu, son aylarda FTB sistemlərinə qarşı qeydə alınan ikinci mümkün kiberhücum hadisəsidir.
Xatırladaq ki, sentyabrın əvvəlində "ShinyHunters" haker qrupu FTB-nin işə qəbul portalına hücum edərək əməkdaşlarla bağlı məxfi məlumatlara giriş əldə etmişdi.
CNN-in məlumatına görə, 2023-cü ildə də FTB-nin Nyu-York ofisində uşaq cinsi istismarı ilə bağlı araşdırmalarda istifadə olunan kompüter sisteminə icazəsiz giriş baş vermişdi.
Son hadisənin miqyası, hakerlərin hansı məlumatlara çıxış əldə etdiyi və sistemdən məlumatların oğurlanıb-oğurlanmadığı hələlik açıqlanmayıb.
Türkan İsgəndərli