ABŞ-dən Kanadaya gözlənilməz hərbi zərbə – Trampın siyasəti NATO müttəfiqlərini üz-üzə qoyur
ABŞ müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığa yeni məhdudiyyətlər tətbiq edib. Bu addım Vaşinqton və Ottava arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.
TodayPress TV xəbər verir ki, “The Washington Post” qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Heqset ötən həftə məxfi direktiv imzalayıb.
Sənədin detalları açıqlanmasa da, yeni məhdudiyyətlərin iki ölkənin hərbi əməkdaşlığına təsir edəcəyi gözlənilir.
Pentaqon sözçüsü Şon Parnell bildirib ki, Vaşinqton Kanada ilə əməkdaşlığın ABŞ-nin müdafiə maraqlarına xidmət etməsini istəyir. Bununla belə, onun sözlərinə görə, yeni qərar NATO və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) çərçivəsində kəşfiyyat məlumatlarının mübadiləsinə və hərbi koordinasiyaya təsir göstərməyəcək.
Məlumata görə, ABŞ və Kanada arasında gərginliyin əsas səbəblərindən biri Prezident Donald Trampın Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ilə bağlı təkrar açıqlamalarıdır. Bundan əlavə, iki ölkə arasında tariflər və müdafiə xərcləri ilə bağlı fikir ayrılıqları da mövcuddur.
Kanada Baş naziri Mark Karni daha əvvəl Trampa ölkəsinin satılmadığını və heç vaxt satılmayacağını bəyan etmişdi.
Qeyd edək ki, ABŞ və Kanada NATO-nun təsisçi üzvləridir. Hər iki ölkə uzun illərdir müdafiə və kəşfiyyat sahəsində sıx əməkdaşlıq edir. Yeni məhdudiyyətlərin bu münasibətlərə necə təsir edəcəyi isə diqqət mərkəzindədir.
Türkan İsgəndərli