Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab

Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab
10.08.2026 16:18 Təhlil

Şah İsmayıl Xətai və Səfəvilər Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Buna baxmayaraq, Xətainin kimliyi, Səfəvi dövlətinin mənşəyi və onun tarixi irsi ilə bağlı mübahisələr bu gün də davam edir. Xüsusilə Səfəvilərin Azərbaycan tarixindəki yeri ilə bağlı müxtəlif yanaşmaların səsləndirilməsi mövzunu yenidən gündəmə gətirib. Bəs Şah İsmayıl Xətainin tarixi irsini necə qorumalı və onu İranın mənimsədiyi tarixdən necə ayırmalıyıq? Xətaini İranın əlindən necə alaq?                                                                                                                                                                        Mövzu ilə bağlı tarixçi alim  Boran Əziz  TodayPress TV-yə danışıb.        

O, Azərbaycan dövlətçilik tarixində Səfəvi imperatorluğunun xüsusi bir yeri olduğunu diqqətə çatdırıb:

"Bu gün 4500-5000-ə yaxın xalqdan cəmi 196-sı dövlət yarada bilib. Onlardan biri də bizim xalqdır. Hər bir xalq dövlət yarada bilməz. Hələ üstəlik, imperatorluq yaradılması fərqli və xüsusi bir mərhələ təşkil edir. Bu baxımdan zaman-zaman Səfəvi imperatorluğunun tarixinə marağın artması, onun tarixini özününküləşdirmək cəhdləri və təhrif edilməsi halları müşahidə olunur. Biz hələ keçən yüzillikdən, xüsusilə 60-70-ci illərdən etibarən Oqtay Əfəndiyevin, sonrakı illərdə isə müxtəlif alimlərin Səfəvi tarixinə aid ərəb və fars dillərində olan mənbələri müqayisəli təhlil metodu ilə araşdırmasının şahidi olduq. Səfəvilərin yarandığı ərazi bu mənbələrin hamısında Azərbaycan ərazisi kimi qeyd olunur. Onun mərkəzi də Təbriz şəhəridir". 

O qeyd edib ki, bütün qaynaqlarda Səfəvilərin etnik kimliyi türk kimi qeyd olunur: 

"Dövlətin yaranmasında iştirak edən əsas qızılbaş tayfalarının da böyük əksəriyyəti türk tayfaları idi. Bu məsələlər Zabil Bayramlı, Namiq Musalı və digər Səfəvişünas alimlərin əsərlərində geniş araşdırılıb. Ərəb və fars dillərindəki bir sıra mənbələrin Azərbaycan dilinə tərcümə olunması da bu baxımdan mühüm işdir.

Mənbələrdə Şah İsmayılın özünün də “Azərbaycan taxtı” ifadəsini işlətdiyi göstərilir. “Lübbit-təvarix”də onun Şərur qələbəsindən sonra Təbrizə daxil olaraq Azərbaycan şahlıq taxtında oturduğu və bütün Azərbaycan məmləkətində onun adına xütbə oxunduğu qeyd edilir. Burada İran və ya fars taxtından söhbət getmir.

“Səfvət əs-səfa”da isə Şeyx Səfiyyəddinin özünü “türk” adlandırdığı qeyd olunur. Eyni mənbədə ona “Ey gənc türk” deyə müraciət edilməsi də diqqət çəkir. Şeyx Səfiyyəddinin Azərbaycan dilində şeirlər yazması da bu baxımdan mühüm nüansdır”.

Boran Əziz əlavə edib ki, Səfəvi saraylarında türk dilinin mövqeyi də ayrıca diqqət çəkir:

“I Şah İsmayıldan Təhmasibə, II Şah Abbasa və Şah Səfiyə qədər sarayda əsas danışıq dilinin türk dili olduğunu göstərən mənbələr var. Azərbaycana gələn Avropa səfirləri və səyyahlar da bunu öz qeydlərində əks etdiriblər. Adam Oleari isə Şah Səfinin sarayında eşitdiyi süfrə duasını türk dilində latın qrafikası ilə qeyd edib”.

Tarixçi digər mühüm məsələyə toxunub:

“Səfəvilər yalnız şiə dövləti kimi təqdim edilir. Amma Səfəvilərin əsas ideoloji dayağı qızılbaşlıq idi. Bu ideologiyanın daxilində əxilik, abdallıq, sufi-qələndər ənənələri ilə yanaşı, şiəlik də vardı. Şah İsmayılın bəzi ifadələri isə klassik şiə dünyagörüşü ilə tam uyğun gəlmirdi. Buna görə də Səfəvi dövlətinin mahiyyətini yalnız şiəlik üzərindən izah etmək doğru olmaz. Burada qızılbaş ideologiyasının xüsusi yeri vardı”.

Ekspert Şah İsmayıl Xətaini və Səfəvi dövlətini türk mühitindən qoparmaq cəhdlərinin  siyasi tərəflərinin də olduğunu diqqətə çatdırıb:

“Bu tarixə yanaşmada məqsəd yalnız elmi mübahisə deyil, siyasi yanaşmalar da olub. Ona görə də bizim əsas vəzifəmiz Səfəvi tarixi, onların mənşəyi və qızılbaş ideologiyası ilə bağlı alimlərimizin araşdırmalarını yalnız Azərbaycan dilində deyil, müxtəlif xarici dillərdə də yaymaqdır. Çünki Səfəvi irsinin kimə məxsusluğu ilə bağlı mübahisədə ən güclü cavab emosiyalar deyil, mənbələr və elmi araşdırmalardır”. 

Jalə Rövşən

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər