“O, bizim bayraqdarımızdır!”: Ronaldu qalmaqalına nöqtə qoyulur?
Portuqaliya Futbol Federasiyasının (FPF) prezidenti Pedru Proensa milli komandanın baş məşqçisi Jorje Jezuş ilə hücumçu Kriştianu Ronaldu arasında yaranmış fikir ayrılıqlarına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.
“Mən heç nəyə aydınlıq gətirməyəcəyəm, çünki bu, mütəxəssis və futbolçular arasında standart ünsiyyət prosesidir. Bu, məşqçinin məsuliyyət zonasıdır və FPF rəhbəri bu kimi məsələlərə müdaxilə etmir. O, sadəcə tarixin ən böyük futbolçusudur. Kriştianu Portuqaliya futboluna iyirmi ildən çox vaxtını verib. Ronaldu milli kimliyimizin əsas elementidir. Biz ona ehtiramımızı bildirməyə borcluyuq. O, yığmaya yalnız idman göstəricilərinə görə dəvət olunub və bu, müzakirə olunmur. Fiziki imkanları imkan verdiyi qədər komandada qalacaq. Kriştianu da vəziyyətdən xəbərdardır.
Münaqişənin mahiyyətinə gəldikdə, bu, kollektiv daxilində həll edilməli olan adi bir anlaşılmazlıqdır. Mətbuat konfransına çıxan futbolçular da kapitanla olan bu möhkəm bağı nümayiş etdirdilər. O, milli komandanın bir hissəsidir, bizim bayraqdarımızdır. Kriştianu bu dörd matçın birincisinə komandanı kapitan sarğısı ilə çıxarmışdı. Baş məşqçi də bildirir ki, müvafiq fiziki formada olması şərtilə ona güvənir. Bu, istənilən futbolçuya aiddir.
Kriştianu Ronaldu Portuqaliyanın dünya arenasındakı üzüdür. O, dünya çempionatından sonra karyerasını bitirə biləcək müstəsna ustadır, lakin milliyə sadiqliyi səbəbindən bu fikirdən daşınıb. Mən şəxsən Kriştianunu Portuqaliya cəmiyyəti və milli komanda ilə birləşdirən tellərə şahidlik edirəm.
Buna görə də, bu dörd qarşılaşma geridə qaldıqdan sonra - hansı ki, onları sakit şəraitdə keçirmək vacib idi, çünki bizim üçün birinci yerdə oyun məsələləri dururdu - bu anlaşılmazlığı sakit mühitdə müzakirə etmək üçün vaxtımız və imkanımız olacaq. Bu cür vəziyyətlər hər üç tərəf: FPF, baş məşqçi və idmançılar prosesə cəlb olunduqda həll edilir.
Ronaldu bizim sərvətimizdir və məşqçi ehtiyac duyduğu müddətcə onun sərəncamında olacaq”, - deyə Proensa bildirib.
Xatırladaq ki, Ronaldu Millətlər Liqasının Danimarka ilə 3-cü tur matçından (4:2) əvvəl, baş məşqçi Jorje Jezuşın münaqişənin olmaması barədə bəyanatlarına baxmayaraq, millinin düşərgəsini tərk edib. Bir sıra Portuqaliya KİV-ləri Ronaldunun milli komandadakı karyerasını başa vurmaq niyyətində olduğunu bildirib. Həmçinin Jezuşun hücumçu ilə barışıq görüşünə razılıq verdiyi və futbolçunu noyabr matçlarının iştirak ərizəsinə daxil etmək niyyətində olduğu xəbəri verilib.
Namiq HUN