Xamenei öldürüldü, Sistani susdu: Bəs “cihad”...?

Təhlil

02.03.2026 16:30

İraqın ali dini lideri, Ayətullah Əli Sistaninin İranın Ali Dini lideri Seyid Əli Xameneinin öldürülməsindən sonra verdiyi cihad fətvasını geri götürməsi barədə məlumatlar yayılıb.

Politoloq Rəşad Bayramov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, bu, bir neçə mühüm amillə izah oluna bilər:


“Məlumdur ki, Əli Sistani İraqın nüfuzlu şiə dini lideri kimi yalnız ölkə daxilində deyil, bütün region üçün mühüm təsir gücünə malik bir şəxsdir. Onun Xameneinin ölümü halında cihad elan olunacağına dair bəyanatı da müvafiq olaraq həm dini, həm də siyasi xəbərdarlıq kimi qəbul olunurdu. Lakin Xameneinin ölümündən sonra Sistani sadəcə bəyanatla İranla həmrəylik nümayiş etdirdi və cihad çağırışını gerçəkləşdirmədi. Bu mövqe dəyişikliyi bir neçə səbəblə izah oluna bilər. Ən vacib amillərdən biri İraqın daxili sabitliyidir. Ölkə onsuz da mütəmadi olaraq etnik və dini gərginliklərlə üzləşir və xarici təsirlərin artması siyasi sabitliyi risk altına qoyur. Açıq cihad çağırışı həm daxili qarşıdurmanı gücləndirə, həm də İraqı regionda hərbi eskalasiya mərkəzinə çevirə bilərdi. Həmrəylik mövqeyi isə daxili ictimai və dini sabitliyi qorumağa xidmət edir”.

Ekspert qeyd edib ki, digər mühüm amillərdən biri də diplomatik manevr və strateji balans məsələsidir:

“Bu da Sistaninin qərarında kritik rol oynayıb. Birbaşa cihad çağırışı həm ABŞ və Qərb, həm də regional aktorlar qarşısında İraqı riskli mövqedə qoya bilərdi. Odur ki, Sistaninin bu vəziyyətdə daha ehtiyatlı davranmaq məcburiyyətində qaldığını demək mümkündür”.

R.Bayramovun fikrincə, bu qərar həm də dini və siyasi nüfuzun qorunması ilə bağlıdır: 

“Sistani üçün həm şiə cəmiyyətində, həm də beynəlxalq səviyyədə etibarlı lider imici əsasdır. Cihad çağırışı radikal və riskli addım kimi qəbul oluna bilərdi ki, bu da onun nüfuzuna və İraqdakı praqmatik siyasətinə mənfi təsir göstərə bilərdi. Nəhayət, burada regional və qlobal kontekst də müəyyən rol oynayır. İran–İraq münasibətləri yalnız dini çərçivə ilə məhdudlaşmır, eyni zamanda strateji, iqtisadi və diplomatik aspektləri də əhatə edir. Sistani açıq cihad çağırışı əvəzinə həmrəylik ifadə etməklə regionda gərginliyi azaltmağa çalışmış ola bilər”.

Analitik sonda vurğulayıb ki, Sistaninin mövqeyindəki bu dəyişiklik onun strateji yanaşmasının göstəricisi kimi qiymətləndirilə bilər:


“Ümumilikdə demək olar ki, Sistaninin mövqeyindəki bu dəyişiklik onun strateji düşüncəsinin və regiondakı mürəkkəb güc balansını düzgün qiymətləndirməsinin göstəricisidir. Açıq cihad çağırışından imtina edərək yalnız İranla həmrəylik nümayiş etdirməsi həm İraqın daxili sabitliyini qorumağa, həm diplomatik manevr imkanlarını saxlamağa, həm də dini və siyasi nüfuzunu möhkəmləndirməyə xidmət edir. Bu isə Sistaninin praqmatik liderlik və regional sabitliyi prioritet sayan yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilə bilər”.

Qiymət Mahir

TodayPress TV

tag: Rəşad Bayramov,Politoloq,Xamenei,Sistani,Todaypress.tv,