Vyetnamı Azərbaycanda təhsil alan tələbələrimiz idarə edir - Zahid Oruc
"Xəritəyə baxanda Azərbaycanla Vyetnam arasında minlərlə kilometr görünür. Siyasətdə isə məsafə kilometrlə ölçülmür. Onu maraqların üst-üstə düşdüyü nöqtələr və tərəflərin birgə gələcək qurmağa hazırlığı müəyyən edir. Bu meyarla baxanda Bakı ilə Hanoy çoxlarının düşündüyündən xeyli yaxındır".
Bunu TodayPress TV-yə açıqlamasında Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, iki xalqın son yüzillik tarixində təsadüfi olmayan paralellər var.
"Hər ikisi müharibənin ağırlığını yaşayıb, suverenliyini və torpaq bütövlüyünü böyük qurbanlar bahasına təmin edib. Vyetnam onilliklər süren müharibədən sonra ölkəsini birləşdirdi, Azərbaycan otuzillik işğala öz gücü ilə son qoydu. Belə yaddaşı paylaşan xalqlar bir-birini sözsüz anlayır. Diplomatik dialoqun ən etibarlı mənəvi dayağı da elə budur.
Rəsmi diplomatik əlaqələr 1992-ci ildə qurulub, amma münasibətlərin kökü daha dərinə gedir. 1959-cu ildə Ho Şi Min Bakıya gəlib. 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfəri bu dostluğu dövlət səviyyəsində möhkəmləndirib. 2025-ci ilin mayında Baş katib To Lamın Bakıya dövlət səfəri zamanı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması həmin yolun məntiqi nəticəsi oldu. Səfər çərçivəsində Ho Şi Minin xatirə otağının SOCAR və PetroVietnamın dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində açılması da simvolik addım idi. Bu tərəfdaşlığı bir gündə yaranmış konyunktur yaxınlıq saymaq olmaz. Onu altmış ildən artıq müddətdə yığılmış siyasi iradə və xalqlar arasındakı səmimi rəğbət yaradıb".
Komitə sədri əlavə edib ki, Bakı ilə Hanoy beynəlxalq platformalarda da eyni dili danışır:
"BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə iki ölkənin mövqeləri çox vaxt üst-üstə düşür. Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş Azərbaycan Qlobal Cənubun maraqlarını müdafiə edən ölkə kimi tanınır. Vyetnam isə Cənub-Şərqi Asiyada balanslı xarici siyasətin nümunəsidir. Belə iki tərəfdaşın çoxtərəfli diplomatiyada koordinasiyası sülh və sabitlik gündəliyinə real töhfədir.
İndi əsas sual budur: bu siyasi kapital iqtisadiyyata nə qədər çevrilir? Rəqəmlərə baxaq. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi təxminən 150 milyon dollar olub. 2026-cı ilin ilk doqquz ayında bu göstərici 60 milyon dollar civarındadır. Açıq deyək: bu rəqəmlər siyasi münasibətlərin səviyyəsini əks etdirmir. Əhalisi 100 milyonu keçən, ildə yüz milyardlarla dollarlıq ixrac edən Vyetnam dünyanın ən dinamik istehsal mərkəzlərindən biridir. Onunla ticarətimiz hələ ki bu potensialın kiçik bir hissəsini əhatə edir".
Millət vəkili hesab edir ki, Vyetnamın istehsal gücü Azərbaycanın tranzit infrastrukturu ilə birləşsə, iki ölkə üçün yeni əlavə dəyər zənciri yaranar.
"Burada Azərbaycanın əlində güclü kart var: Orta Dəhliz. Vyetnam məhsullarının Avropa bazarlarına çıxışı üçün Xəzərdən keçən marşrut alternativ və etibarlı yoldur. Vyetnamın istehsal gücü Azərbaycanın tranzit infrastrukturu ilə birləşsə, iki ölkə üçün yeni əlavə dəyər zənciri yaranar. Hökumət bu istiqamətdə konkret addım atmalıdır. Ələt Azad İqtisadi Zonasında Vyetnam şirkətləri üçün xüsusi logistika və emal güzəştləri nəzərdən keçirilə bilər. Proses tərsinə də işləyir: ASEAN üzvü olan və Avropa İttifaqı ilə azad ticarət sazişi imzalamış Vyetnam Azərbaycan məhsulları üçün Cənub-Şərqi Asiyanın qapısına çevrilə bilər. Enerji əməkdaşlığı bu münasibətlərin ənənəvi sütunudur və onu gələcəyin gündəliyinə uyğunlaşdırmaq vaxtıdır. SOCAR ilə PetroVietnam arasında yataqların kəşfiyyatı, mühəndislik xidmətləri və kadr hazırlığı sahəsində təcrübə var. Növbəti mərhələdə bərpaolunan enerji və enerji səmərəliliyi üzrə birgə layihələr gündəmə gəlməlidir. Yaşıl enerji dəhlizləri qurmaqda təcrübə toplayan Azərbaycan bu sahədə Vyetnama dəyərli tərəfdaş ola bilər".
Deputat vurğulayıb ki, ən uzunömürlü sərmayə isə insan kapitalına qoyulan sərmayədir:
"Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Bu insanların bir çoxu sonradan öz ölkəsində mühüm vəzifələr tutub. Bakını tanıyan, Azərbaycana rəğbət bəsləyən bu nəsil iki ölkə arasında hazır intellektual körpüdür. Onu yeni tələbə mübadiləsi proqramları, birgə elmi layihələr və universitetlərarası tərəfdaşlıqla gücləndirmək lazımdır. Azərbaycanın Vyetnamda təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına göstərdiyi yardım isə dostluğun çətin gündə sınandığını göstərir.
Diplomatik dostluq kapitaldır. Amma işə salınmayan kapital zamanla dəyər itirir. Hökumətlərarası komissiya hər il ölçülə bilən ticarət və investisiya hədəfləri qoymalı, parlamentlərarası dostluq qrupları isə onların icrasını izləməlidir. Bakı ilə Hanoyun qarşısındakı vəzifə aydındır: onilliklər ərzində qazanılmış etimadı birgə zavodlara, logistika mərkəzlərinə və elmi layihələrə çevirmək. Coğrafiya bizi ayırır, strategiya isə birləşdirir".
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnamda rəsmi səfərdədir.
Türkan İsgəndərli