Vensdən diqqətçəkən açıqlama: “İlham Əliyev də Tramp kimi…”
Təhlil
11.02.2026 14:51
“Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri uğurla davam edir".
Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Elman Nəsirov Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri barədə danışarkən deyib.

Deputat qeyd edib ki, səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında xartiya Bakı-Vaşinqton münasibətlərini ən yüksək səviyyəyə qaldırır:
"Biz strateji tərəfdaşlara çevrilirik və bu sənəd ikitərəfli münasibətlərimizin yol xəritəsi rolunu oynayır. Orada bütün istiqamətlər üzrə əlaqələrimizin dinamikası öz əksini tapır".
O bildirib ki, səfər zamanı vitse-prezident bir sıra strateji məsələləri də diqqətə çatdırıb:
"Onlardan biri əvvəlki administrasiyanın, yəni Bayden administrasiyasının Azərbaycana münasibətdə sərsəm siyasət yürütməsi ilə bağlıdır. Həmin dövrdə ikitərəfli münasibətlər ən aşağı səviyyəyə enmişdi, administrasiya birmənalı ermənipərəst siyasət həyata keçirir və Bayden qondarma erməni soyqırımını tanımışdı".
E.Nəsirov əlavə edib ki, eyni zamanda, vitse-prezident həm Prezident Tramp, həm də Prezident İlham Əliyevin türklər və israillilərlə yaxşı münasibətlərə malik olduğunu bildirb:

"Bu müqayisə xüsusilə əhəmiyyətlidir, çünki Türkiyə bizim strateji və hərbi müttəfiqimizdir, qardaş dövlətdir, İsrail isə strateji tərəfdaşdır. İkinci Qarabağ müharibəsində İsrailin Azərbaycana ən müasir silahlar satması və haqq işimizi dəstəkləməsi bu münasibətləri daha da önəmli edir".
O əlavə edib ku, bu fikirlər ABŞ–Azərbaycan münasibətlərinin gələcək perspektivi baxımından da əhəmiyyətlidir:
“Cənab Vens həm Trampın mövqeyini ifadə edir, həm də özü eyni fikirdədir. Nəzərə alsaq ki, o, ABŞ-nin gələcək prezidentliyinə ən layiqli namizədlərdən biridir, bu açıqlamalara xüsusi diqqətlə yanaşmaq lazımdır. Bütövlükdə səfər Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni səhifə açdı və biz bundan sonra strateji tərəfdaşlarıq”.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Cey. Di. Vens rəsmi səfər çərçivəsində fevralın 10-da Bakıya gəlib.
Jalə Rövşən
tag: Elman Nəsirov,Deputat,ABŞ ,Azərbaycan,Todaypress.tv,
