“Vaşinqtondakı təxribatın arxasında BU ÖLKƏ dayanır!” - Müxalifətin…

Təhlil

20.02.2026 17:39

Fevralın 19-da ABŞ-nin paytaxtı Vaşinqtonda "Sülh Şurası"nın ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür təxribat xarakterli hərəkətlərə cəhd göstərib.


Onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. 

Ölkə Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar.

Bundan başqa sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir. Görüntülər hadisənin təxribat xarakteri daşıdığını açıq-aydın göstərir. 

Bəs bu təxribatların arxasında hansı qüvvələr dayanır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan hərbi ekspert Ədalət Verdiyev bu təxribatların Kremllə əlaqəli olduğunu düşünür:


“Özlərini müxalifət adlandıran ünsürlərin Azərbaycana qələbə qazandıran dövlət rəhbərliyinə qarşı təxribat xarakterli hərəkətlərə cəhd etməsi bir daha onu göstərir ki, Azərbaycan müxalifəti birmənalı olaraq Rusiya ilə birgə hərəkət edir. Eyni məsələləri paralel şəkildə bir neçə istiqamətdən gündəmə gətirməyə çalışırlar. Daha əvvəl də radikal müxalifətin Kremllə, o cümlədən Ramiz Mehdiyev vasitəsilə Rusiya ilə əlaqədə olduğuna dair kifayət qədər ciddi faktlar açıqlanmışdı. Bu təxribatların arxasında Kreml dayanır. Kreml Azərbaycan–Ermənistan, Azərbaycan–ABŞ, ABŞ–Ermənistan, ABŞ–Türkiyə yaxınlaşmasından kifayət qədər ciddi narahatlıq keçirir. Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan açılması da Kremli kifayət qədər narahat edir”. 

Ekspert Kremlin əlində olan son kartlarını da açıq şəkildə ortaya qoyduğunu bildirib:


“Rusiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun ətrafında olan ünsürlərdən öz geosiyasi maraqlarını həyata keçirmək üçün təzyiq elementi kimi istifadə etməyə cəhd edir. Lakin bu cəhdlərin heç biri nəticə verməyəcək. Qalib Azərbaycan, onun müzəffər Ali Baş Komandanı milli və dövlət maraqları çərçivəsində məqsədyönlü və planlı fəaliyyətlərini davam etdirəcək”. 

Qiymət Mahir

TodayPress TV

tag: Ədalət Verdiyev,Hərbi ekspert,Vaşinqton,Təxribat,Todaypress.tv,